Obama Ebolaya yoluxa bilər

16 Oktyabr 2014 19:00 (UTC+04:00)

Amerika Birləşmiş Ştatları prezidenti Barak Obama Ebola virusuna yoluxan xəstəni müalicə edən tibb bacılarını qucaqlayaraq öpdüyü üçün virusa yoluxa bilər, lakin buna görə narahat deyil. Movqe.az-ın məlumatına görə, bu barədə Barak Obama özü Nazirlər Kabinetinin iclasında danışıb.

"Mən Emori Universitetinin xəstəxanasında tibb bacılarına virusa yoluxmuş xəstənin müalicəsində göstərdikləri səyə görə təşəkkür etmək üçün onlardan bir neçəsini qucaqladım və öpdüm. Onlar protokola riayət edirdilər və nə etdiklərini çox gözəl bilirdilər. Ona görə də mən bunu edərkən özümü çox rahat və təhlükəsizlikdə hiss edirdim", - deyə Obama bildirib.

ABŞ prezidenti ölkə ərazisində 2-ci adamın Ebola virusuna yoluxması barədə xəbərlər yayıldıqdan sonra bu bəyanatı verib. Bu xəbər ABŞ sakinləri arasında təşvişə səbəb olub. Keçirilmiş rəy sorğuları göstərir ki, Birləşmiş Ştatlar əhalisinin üçdə-ikisi bu virusdan qorxur.

Barak Obama isə bu epidemiyanın ABŞ ərazisində yayılması ehtimalının "həddindən artıq az" olduğunu deyib. Buna baxmayaraq, Barak Obama bu payız ən böyük təşviqat kampaniyası olacaq Nyu-Cersi və Konnektikut ştatlarına səfərlərini təxirə salıb. Ağ Ev prezidentin Ebola böhranından çıxış yolu axtardığı müddətdə səfərləri təxirə salmağa davam edəcəyini açıqlayıb.