Azərbaycanın məşhur stilisti: "Otelə gedib siyasətçi kişiləri qrim edirəm"

17 Oktyabr 2014 14:20 (UTC+04:00)

Qadınların baxımlı olması, gözəl görünmək üçün "həftə səkkiz mən doqquz" gözəllik salonlarına üz tutması  adi hala çevrilib və normal qarşılanır. Amma son vaxtlar baxımlı görünmək üçün bərbərxanalara üz tutan kişilərin sayı, "gözəllik salonları"na gözəlləşmək üçün gələn qadınlardan elə də az deyil. Əvvəllər dırnaqlarını manikür, pedikür etdirən kişilərin sayı barmaqla sayılacaq qədər az idisə, artıq makiyaj etdirib, qaşlarını, dodaqlarını belə korreksiya etdirən kişilərə rastlaşmaq adi hal alıb. "Kişi də üzünə krem vurar?" deyə təəcüblənib əli üzündə qalanlar da artıq küçədə yanağı, dodağı boyalı kişi görəndə elə də təəccüblənmir. "Zəmanə dəyişib, müasir dövrdür" deyərək adi kimi qəbul etdiyimiz bu halın artması, artıq kişi bərbərxanalarında kişilərə gözəlləşmək üçün yaradılan imkanları da artırıb. Məsələn, əvvəl lazer üsulu ilə artıq tüklərdən yaxa qurtarmaq kimi lazer epilyasiyası xidməti qadınlara göstərilirdisə, artıq Bakıda prestijli kişi bərbərxanalarında lazer epilyasiyası xidməti göstərilir. İndi paytaxtda sayılıb-seçilən kişi bərbərxanalarının əksəriyyətində vizajist fəaliyyət göstərir. Qeyd edək ki, kişilərin makiyaja maraqlarının artması təkcə Azərbaycanda deyil, dünyada müşahidə olunan tendensiyadır. Məsələn, İranda, o sıradan paytaxt Tehranda oğlanların və gənc kişilərin makiyaja və epilyasiyaya meyl etməsi ciddi narahatlığa səbəb olub. Bildirilir ki, ölkədə kosmetik mallardan istifadə edənlərin 10 faizini kişilər təşkil edir və bu rəqəm gündən-günə artır. İranın hökumətə bağlı "Parsine.com" portalı əksər kişi bərbərxanalarının müştərilərə makiyaj və epilyasiya xidmətləri də göstərdiyini bildirir: "Bərbərxanalara gedən gənc oğlan və kişilərin əksəriyyəti makiyaj və epilyasiyadan başqa qaşlarını aldırır, yanaqlarına pudra çəkdirir, istədikləri kimi bəzənirlər. Gənc kişilər makiyaj edəndə bəzən o qədər ifrata varırlar ki, onları qızlardan ayırd etmək mümkün olmur. Həmçinin oğlanlar və kişilər gözəllik mərkəzlərinə müraciət edir, burunlarını və dodaqlarını əməliyyat etdirirlər".

Azərbaycanda da estetik cərrahlara müraciət edib burunlarını, qulaqlarını, çənə nayihəsini əməliyyat etdirən kişilər az deyil. Necə deyərlər, artıq "kişi meymundan bir az fərqlənsə bəsdir" deyimi geridə qalıb. Elə Movqe.az-a danışan məşhur vizajist Samiraldo da son vaxtlar kişilər arasında qrim üçün müraciət edənlərin sayının çox olduğunu söyləyir. Onun sözlərinə görə, əvvəl qadınlardan daha çox baxımlı olmaları tələb edilirdisə, indi qadınlar da baxımsız kişiyə baxmırlar. Həmsöhbətim deyir ki, artıq kişilər arasında xarici görünüşünə əməlli-başlı əl gəzdirənlər az deyil: "Ən çox şou əhlininin kişi nümayəndələri qrim etdirir. Amma başqa sahədə çalışan kişilərdən də qrim üçün müraciət edəni az deyil. Üzlərindəki qüsurları gizlətmək istəyən kişilər bizə müraciət edir, biz də çalışdığımız qədər bu işo profisional şəkildə görürük ki, kişinin qrim etdirdiyi elə də hiss olunmasın. Amma şəxsən mən kişinin qaşına əl gəzdirməsinə, əzasının uyğun olmayan yerlərindəki  tükləri götürtməsinə elə də pis baxmıram. Elə kişi var ki, qaşları həddindən artıq enlidir. Həmin kişinin qaşını formaya salmasında qeyri-etik heç nə yoxdur. Özünü gülməli vəziyyətdən qurtaran kişiləri məncə qınaq obyektinə çevirmək lazım deyil. Məsələn, mən elə şəxs olub ki, o nə şou nümayəndəsidir, nə də ki, efir adamıdır, onu qrim etmişəm. Məni dəvət ediblər bir neçə dəfə gedib xaricdən gələn qonaqları, kişi siyasətçilərini belə qrim etmişəm".

Həmsöhbətim deyir ki, Azərbaycanda kişilər ən çox qrim üçün bəylik kürsüsünə əyləşən gün müraciət edirlər: "Bu onların ən özəl günləridir. Həmin günü təbii ki, hər bir kişi istəyər ki, əyləşdiyi kürsüdə çirkin görünməsin. Əgər üzündə ləkə, qırmızı sızanaq və digər qüsur varsa, həmin
qüsuru gizlətmək üçün qrim etdirməsi normaldır".