Rusiya Ermənistanın arxasından çəkilir

18 Oktyabr 2014 08:04 (UTC+04:00)

Son zamanlar Azərbaycanla Rusiya arasında münasibətlər daha da sıxlaşmaqdadır və iki ölkənin siyasi, iqtisadi, mədəni, eləcə də digər sahələrdəki əlaqələri getdikcə daha da intensivləşir. İki ölkə arasında əlaqələr hərbi əməkdaşlıq sahəsində də artır. Azərbaycan xaricdən aldığı silah-sursatın bir hissəsini məhz şimal qonşusundan tədarük edir. Münasibətlərin sıxlaşması fonnuda isə Bakı üçün maraq doğuran məsələlərdən biri Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaqdır. Məlumdur ki, bu münaqişənin həllində Rusiyanın böyük çəkisi var. Azərbaycan-Rusiya münasibətlərinin yüksəlməsi fonunda istisna edilmir ki, Moskva Ermənistanın arxasından çəkilsin və bu şərait Dağlıq Qarabağ münaqişəsinin həllində tamam yeni mərhələ aça bilər.

Politoloq Elşən Manafov əlaqələrimizin genişlənməsi fonunda Moskvanın Ermənistanın arxasından çəkilə biləcəyinə ümid etdiyini söylədi: "Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın müşahidə olunan artım tempi təbii ki, dövlətlərarası qarşılıqlı maraqlardan irəli gəlir. Bu tendensiya son zamanlar iki ölkə arasında ticarət dövriyyəsinin hədsiz dərəcədə artmasında qabarıq şəkildə özünü büruzə verir. Konkret desək, Rusiya ilə Azərbaycan arasında iqtisadi ticarət münasibətlərinin dövriyyəsi ən azından Moskvanın Ermənistanla olan ticarət dövriyyəsinin həcmindən 3 dəfə çoxdur. Son dörd ildə Azərbaycanın Rusiyadan idxal etdiyi silahların ümumi məbləği 4 milyard dolları keçib. Bu mənada Azərbaycan Rusiyadan ən çox silah alan dövlətlər arasında Çin, Hindistan, İran və Venesueladan sonra 5-ci yeri tutur. Bütün bu göstəricilər də hər iki dövlət arasındakı münasibətlərdə qarşılıqlı maraqlardan irəli gəlir. Ermənistana gəlincə, onun Avrasiya İqtisadi İttifaqına daxil edilməsi, təbii ki, Rusiyanın bölgə ilə bağlı planlarından irəli gəlir. Güman etmirəm ki, bu birlikdə olmağın Ermənistan üçün ciddi əhəmiyyəti olsun. Hərçənd, Ermənistan iqtidarı bu quruma daxil olacağı təqdirdə Moskvadan bir sıra güzəştlər qopara biləcəyinə ümid edir. Bu mənada son günlər mətbuatın yazdığına, ekspertlərin söyləməsinə görə, Rusiya Ermənistana ciddi şəkildə təşyiqlərini gücləndirməkdədir. Bu təzyiqlərin arxasında da, Ermənistanın işğal etdiyi 7 rayonu azad edəcəyi ilə bağlı müəyyən baxışlar var. Bu rayonların işğalı da Ermənistanın təcavüzkar dövlət olduğuna daha bir sübutdur. Hansı ki, bu rayonlar Ermənistan tərəfindən zəbt edilib və onların ermənilərin iddia etdiyi Dağlıq Qarabağ ərazisinə heç bir aydiyyatı yoxdur. Sadəcə olaraq, Ermənistan həmin rayonları işğal etməklə, guya Dağlıq Qarabağla Azərbaycan arasında bufer zonanın yaradılması ilə bağlı məsələnin həllinə nail olduqlarını qabardırlar. Rusiya tərəfi ən azından həmin rayonların azad edilməsi və bununla da Moskva ilə Bakı arasında həllini gözləyən bir sıra problemlərin arxada qalacağına ümid edir. İlk növbədə Rusiya Azərbaycanın Qərbə inteqrasiyasından narahatdır. Moskva Azərbaycanı da təsis etdiyi Avrasiya İqtisadi İttifaqında görmək istəyir. Azərbaycan üçün iqtisadi baxımdan bu birliyin ciddi əhəmiyyti olmasa da, Ermənistan kimi dotasiyaya baxan dövlət deyil, özünün enerji təhlükəsizliyini təmin edən bir dövlətdir. Həmçinin, Azərbaycan Cənubi Qafqazın lider dövləti statusuna da yiyələnib və uğurla Qərbə doğru inteqrasiya edir. 7 rayonun qaytarılacağı təqdirdə, əlbəttə ki, Azərbaycan Rusiya ilə münasibətlərini daha fərqli müstəviyə gətirib çıxara bilər. Bu müstəvi üzərinə çıxarılması da, hər halda, Qərblə münasibətlərə heç bir vəclə ziyan gətirməməlidir. Xatırladım ki, Həştərxan sammitində Azərbaycan digər Xəzəryanı dövlətlərlə dənizdə üçüncü tərəfin olmayacağı ilə bağlı bəyannamə imzalasa da, ölkəmizin Qərblə Hərbi-dəniz Donanmasının gücləndirilməsi üzrə əməkdaşlıq 2016-cı ildə belə bir faktorla nəticələnə biləcək ki, Xəzərdə ən güclü donanmaya Azərbaycan malik olacaq. Bu isə təbii ki, Rusiyanı da müəyyən mənada narahat edir. Rusiya gözəl başa düşür ki, Hərbi-Dəniz Donanması sahəsində Azərbaycanın güclənməsi heç də Ermənistanla olan qarşıdurmadan irəli gəlmir. Xəzərdə enerji resursları və enerji təhlükəsizliyilə bağlı məsələdən irəli gəlir. Bütün bu aspektlər konteksində güclü Azərbaycan dövləti ilə həm öz maraqları, həm regional maraqlar baxımından, geopolitik anlamda əlaqələrin daha yüksək səviyyəyə çatdırılması Moskvanın maraqlarına cavab verir. Ümid edirəm ki, bu anlamda Rusiya Ermənistana təzyiqlərini gücləndirə bilər. Qarabağ kartı üzərində hakimiyyətə gələn İrəvan iqtidarı artıq legitimliyini də itirib. Bunun arxasınca, Rusiyanın ona təzyiqləri güclənərsə, şübhəsizdir ki, Sarkisyan bu təzyiqlər qarşısında duruş gətirə bilməyəcək. Amma əsas məsələ Rusiyanın bu prosesdə nə qədər səmimi olmasından keçir. Yaxud da Azərbaycan məlum birliklərə qəbul olduqdan sonra, yenidən münasibətlərə baxıla bilərmi? Bu məsələlərin aydınlaşmasının zamana ehtiyacı var".

Politoloq Elxan Mehdiyev də dost münasibətlərin çoxsaylı problemləri həll etməyə qadir olduğunu dedi: "Rusiyanın Azərbaycanla münasibətləri dərinləşdikcə, onun Ermənistanın arxasından çəkiləcəyi yanaşması reallığı əks etdirmir. Ancaq Azərbaycanın Rusiya ilə yaxınlaşması erməni işğalının sona çatmasına kömək edə bilər. Bir var Azərbaycan Rusiya ilə soyuq münasibətdə olur, hansı ki, bu halda Moskva da erməni işğalına biganə qalacaq. Dost münasibət olduqda isə, Azərbaycan Rusiyanın bu məsələdə yardımçı olmasına nail ola bilər. Bu işğalın yaranması və davam etməsində bildiyiniz kimi, Rusiyanın əli vardır. Lakin Azərbaycan Rusiya ilə dost münasibəti yaradarsa, onun qəzəbini sığortalaya bilər. Belədə sonucda Rusiya Azərbaycanın dərdinə yardımçı ola bilər".