Qırğız Respublikasında Azərbaycan Musiqi Günü keçirilib

17 Oktyabr 2014 17:23 (UTC+04:00)

Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinin dəstəyi ilə bu ilin oktyabr ayının 15-də Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrında Azərbaycan musiqisi günü keçirilmişdir.

Ağzınacan tamaşaçılarla dolu olan nəhəng salonda Qırğız Respublikasının hökumət üzvləri, digər rəsmilər, xarici dövlətlərin bu ölkədəki səfirləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli ziyalılar – elm, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyətin tanınmış təmsilçiləri, soydaşlarımız əyləşmişdilər.

Qırğız Respublikasının A.Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının direktoru Timur Salamatov tədbiri açaraq, Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyinin son vaxtlar iki qardaş ölkənin mədəniyyət sahəsində əlaqələrinin inkişafı üçün göstərdiyi səylərə görə təşəkkürünü bildirmişdir.

Sonra Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm nazirinin birinci müavini, stats-sekretar Akimbek Tekeşov çıxış etmişdir.

A.Tekeşov növbəti dəfə belə böyük tədbirin Bişkekdə keçirilməsinin təşkili üçün Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucova təşəkkür edərək, Azərbaycan ilə Qırğızstan arasında mədəni əlaqələrin  inkişafında xidmətlərinə görə ona  Qırğız Respublikası Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin fəxri medalını təqdim etmişdir.

Sonra Azərbaycan Respublikasının Qırğız Respublikasında Fövqəladə və Səlahiyyətli səfiri Hidayət Orucov çıxış edərək, mükafatın onun üçün gözlənilməz olduğunu və bunun üçün dərin təşəkkürünü bildirmişdir.

Səfir vurğulamışdır ki, Azərbaycan ilə Qırğızstan arasında əməkdaşlıq münasibətləri təkcə siyasi və iqtisadi sahədə deyil, həm də humanitar sahədə inkişaf etməkdədir və bu xətt Azərbaycan Respublikasının Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Zati-Aliləri cənab Almazbek Atambayevin siyasətinin prioritet istiqamətlərindəndir.

Son zamanlarda həm Azərbaycanda, həm də Qırğızstanda bir çox maraqlı humanitar birgə tədbirlər keçirilməkdədir. Belə tədbirlərin təşkil olunması qardaş xalqları daha da yaxınlaşdırır.

Bu axşam baxacağımız "Arşin mal alan" operettası həm yaşlı, həm də cavan nəsil arasında çox sevilir, çünki o bütün nəsillər üçün yaranmış  unudulmaz bir incidir.

101 il bundan əvvəl - 1903-cü ildə hələ  Peterburq konservatoriyasının tələbəsi olarkən  Üzeyir Hacıbəyov "Arşın mal alan " operettasını yazmışdır və elə həmin ildə də bu operetta Bakıda Zeynalabdin Tağıyev adına teatrda səhnəyə qoyulmuşdur.  

Bu əsər 76 ölkənin 187 teatrında səhnəyə qoyulmuşdur. Onun əsasında hələ 1945-ci ildə çəkilmiş film isə 136 ölkədə göstərilmişdir. 

Bütün müsəlman şərqində Üzeyir Hacıbəyov ilk operanın, operettanın, musiqili komediyanın və kantat-oratoriya musiqisinin yaradıcısı, ümumilikdə isə Azərbaycan klassik musiqi sənətinin banisidir.

1908-ci ilin 25 yanvarında Azərbaycan milli opera sənətinin ilk nümunəsi kimi tarixə düşən Üzeyir Hacıbəyovun ilk operası "Leyli və Məcnun"  səhnələşdirilmişdir.

Səfir görkəmli Azərbaycan bəstəkarlarının əsərlərini öz repertuarına həmişə daxil etdiyi və bu gün "Arşın mal alan" operettasını tamaşaya hazırladığı üçün Qırğız Respublikasının Abdılas Maldıbayev adına Milli Akademik Opera və Balet teatrının kollektivinə dərin təşəkkürünü bildirmişdir.

Sonra Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettasının premyerası keçirilmişdir.

Tamaşanın quruluşçu-dirijoru - Qırğız Respublikasının xalq artisti Jumakadır Kanimetov, quruluşçu-rejissoru - əməkdar artist Sapar İsmailov, quruluşçu-baletmeysteri - Berdalı Pomankulov, quruluşçu-xormeysteri - Karaqul Tilençiyevdir.

Əsərin liberettosunun tərcüməçisi - Uzakbay Abdukaimovdur.

"Arşın mal alan" operettasının ifaçıları istedadlı gənc qırğız vokalçılardır. 

Gülçöhrə rolunda - Gülnur Niyazbayeva, Əskər rolunda - Stalbek Junuşaliyev, Süleyman rolunda - Nurciqit Asanov, Sultan bəy rolunda -  Qırğız Respublikasının əməkdar artisti Kayınbek Kuskakov, Asya rolunda - Kunduz Karıppayeva, Telli rolunda - Salıyma Mamatova, Vəli rolunda - Almazbek İstambayev çıxış etmişlər.   

Tamaşanı teatrın xoru və simfonik orkestri müşahidə etmişdir.

Tamaşa bitəndə salonda uzun müddət alqış sədaları səslənmişdir.