Türk xəstə bu virusun qurbanı oldu

18 Oktyabr 2014 12:00 (UTC+04:00)
Səudiyyə Ərəbistanında miqrant kimi fəaliyyət göstərən Türkiyə vətəndaşı xəstəliyi səbəbindən çatdırıldığı xəstəxanada vəfat edib.

Movqe.az-ın Milli.az-a istinadən verdiyi məlumata görə, dünyasını dəyişən xəstədə "Mers" (Coprona) virusu aşkarlanıb. Xəstəliyi səbəbindən Türkiyəyə qayıdan Hatay şəhəri sakininin təyyarədən enən kimi xəstəxanaya müraciət etdiyi bildirilir. Hadisə barədə açıqlama verən Türkiyə Səhiyyə Nazirliyi mərhumla eyni təyyarədə gələn sərnişinlərin axtarıldığını deyib.

"Nazirliyimizin Xalq Səhiyyə Mikrobiologiya laboratoriyasında aparılan analizlərin nəticələrinə görə, xəstənin "Mers" virusunun saşıyıcısı olduğu aşkarlanıb. Aparılan araşdırmalar nəticəsində Səudiyyə Ərəbistanında miqrant olan xəstənin Türkiyəyə gəlməzdən əvvəl 10 gün müddətində səhhətində problem olduğu müəyyən olunub. Türkiyəyə qayıtdığı gün isə təyyarədən enən kimi özəl bir xəstəxanaya müraciət etməsi barədə məlumat əldə olunub.

Vəziyyətinin ağır olması səbəbindən reanimasiya şəraitində müalicə olunan xəstə oktyabrın 11-də dünyasını dəyişib. Xəstədən götürülən nümunələrə laboratoriyamızda keçirilən baxışdan sonra onun "Mers-Cov" olduğu məlum olub".

Mərhumla eyni təyyarədə gələn və onunla təmasda olan sərnişinlərin isə axtarışına başlanılıb.

"Xəstənin Səudiyyə Ərəbistanına aid özəl bir aviaşirkətlə ölkəmizə qayıtdığı təyyarədəki sərnişinlərin məlumatları tələb olunub. Həmin siyahının əldə olunması üçün lazımi işlərə başlanılıb".