Türklərin şəhəri kürdlərə verilir

18 Oktyabr 2014 17:04 (UTC+04:00)

Kürdüstan bölgəsinin parlament sədri Yusif Məhəmməd Kərkükdə referendum keçiriləcəyini açıqlayıb.

Movqe.az axar.az-a istinadən xəbər verir ki, Kərkükün Kürdüstana məxsus olduğunu deyən parlament sədri referendumun BMT-nin dəstəyi ilə reallaşdırılacağını bildirib.

Kürdüstan bölgə parlamentinin Kərkük filialının açılışında çıxış edən Yusif Məhəmməd rəsmi Bağdadı gözləməyəcəklərini deyib:

"Rəsmi Bağdadın bu barədə qərar verməsini gözləməyəcəyik. "Münaqişəli bölgələr" adı ilə problem uzadılır. Kərkük Kürdüstanındır. BMT-nin dəstəyi ilə referendum keçiriləcək".

Daha sonra Kərkük valisi Nəcməddin Kərim Kərkük xalqının Kürdüstan bölgəsi seçkilərinə qatılması üçün qanun layihəsinin hazırlanmasının vacib olduğunu qeyd edib.

Xatırladaq ki, Kərkük şəhəri İraq türkmanlarının (İraq azərbaycanlılarının) mədəni mərkəzidir. Qeyri-rəsmi məlumatlara əsasən, 2003-cü ilədək şəhərdə əhalinin təxminən 60%–ini türkmanları, 40%–ini isə kürdlər, ərəblər, assuriyalılar, ermənilər, yəhudilər və sairə xalqların nümayəndələri təşkil edir.