Azərbaycan XİN "Amerikanın səsi" radiosunun işğal edilmiş ərazilərdəki qondarma rejimlə əlaqədar hazırladığı verilişə münasibət bildirdi

20 Oktyabr 2014 20:36 (UTC+04:00)

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması və ümumiyyətlə, Ermənistanın işğal və təcavüzü nəticəsində öz doğma torpaqlarından didərgin düşmüş azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövqeyi əks etdirilmədən "Amerikanın səsi" radiosu tərəfindən birtərəfli qaydada Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejim haqqında verilişin hazırlanması ədalətsiz və qərəzli xarakter daşıyır.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri v.i.e. Hikmət Hacıyev "Amerikanın səsi" radiosunun Azərbaycanın işğal altında olan ərazilərində yaradılmış qondarma rejimlə əlaqədar hazırladığı verilişə dair şərh verərkən bildirib.

O, qeyd edib ki, "obyektivlik" və "qərəzsizlik" prinsiplərindən danışan "Amerikanın səsi" radiosu tərəfindən azərbaycanlı qaçqın və məcburi köçkünlərin mövcud durumu da obyektiv şəkildə işıqlandırılmalıdır: "Amerikanın səsi" radiosunun bu verilişi separatizm, işğal və təcavüzün təşviq olunmasına rəvac verir".

XİN rəsmisi deyib ki, "Amerikanın səsi" radiosunun bu birtərəfli addımı eləcə də azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarına və onların həssas hisslərinə hörmətsizlikdir.