Rusiya Qarabağ siyasətini dəyişir

21 Oktyabr 2014 08:00 (UTC+04:00)

"Həmsədr ölkələr, xüsusən də Rusiya regionda yeni müharibə istəmirlərsə, Ermənistana daha fəal şəkildə təzyiq göstərməlidirlər ki, Azərbaycan bu məcburiyyət qarşısında qalmasın". Bu sözləri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu ölkənin İctimai Palatasında Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı keçirilən dəyirmi masada söyləyib. P. Bülbüloğlu qeyd edib ki, haqq-ədalət öz yerini tapmalıdır: "Mən özüm qarabağlıyam, şuşalıyam. Orada mənim atamın məzarı var. 14 yaşlı oğlumu bir dəfə də olsun babasının məzarına apara bilməmişəm. Sizcə bu normaldır?

Bu, yüz minlərlə insanın böyük faciəsidir. Buna son qoyulmalı, azərbaycanlılar doğma yurd-yuvalarına qayıtmalıdırlar. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var ki, Ermənistan silahlə qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılmasını tələb edir. Biz nə vaxta kimi Ermənistanın bu tələblərə məhəl qoymamasını sakit şəkildə müşahidə edəcəyik? Müharibə, əlbəttə ki, böyük faciədir. Lakin müharibə məcburiyyət olanda qaçılmaz olur". P. Bülbüloğlu bildirib ki, Azərbaycan müharibə tərəfdarı olmadığını uzun illərdir sülh danışıqları aparmaqla sübut edib: "Heç bir prezident, heç bir xalq özünün bir qarış torpağını belə güzəştə getməz. Bu, mümkünsüzdür. Bunu Azərbaycandan da gözləməyin. Biz Rusiyanın vasitəçilik rolunu və potensialını yüksək dəyərləndiririk, bu səbəbdən də sülhün bərqərar olması naminə Rusiyadan da vasitəçi kimi konkret addımlar atmasını gözləyirik".

Qeyd edək ki, son zamanlar mətbuatda Rusiyanın Ermənistana Dağlıq Qarabağ məsələsilə bağlı təzyiq edə biləcəyi ətrafında müəyyən fikirlər səslənir. Maraqlıdır, Rusiyanın Ermənistana təsir etməsini gözləmək olarmı? Bu baş verərsə, münaqişənin həllinə nə vəd edər?

Politoloq Hikmət Hacızadə Moskvanın Ermənistana Qarabağ məsələsilə əlaqədar təsir edəcəyini gözləmir: "Son zamanlar belə fikirlər səslənir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafı fonunda Kreml Ermənistana təzyiq edəcək ki, Dağlıq Qarabağ məsələsində tutduğu təcavüzkar niyyətindən əl çəksin. Hətta Azərbaycanın Moskvanın patronajlığı altında olan Avrasiya İqtisadi İttifaqına üzv olması müqabilində İrəvana təzyiq yolu ilə 7 rayonun azad edilə biləcəyindən söhbət açırlar. Bütün bunlar Rusiyanın məkirli siyasətinin tərkib hissəsidir. Moskva çalışır ki, Azərbaycan da Avrasiya İqtisadi İttifaqında olsun. Buna nail olmaq üçün də indi şirin dilini işə salıb və müəyyən vədlər verir. Lakin bu vədlərin real olacağını düşünmürəm. Hazırda Rusiya hökumətində Qarabağ münaqişəsinin həllinə münasibətdə vəziyyət dəyişməyib. Onlar yenə də münaqişə ətrafında status-kvo vəziyyətinin qalmasında maraqlıdır. Yəni, münaqişənin həll olunması Rusiyanın maraqlarına cavab vermir. Bu səbəbdən də, Rusiyanın İrəvana sözügedən məsələdə təsir edəcəyini düşünmürəm. Amma Rusiyanın buna gücü və imkanları vardır. Belə ki, hazırda Ermənistan Rusiyanın vassalı rolunda çıxış edir. Ermənistanın dövlət olaraq ayaq üstə qalmasında Rusiya xüsusi rol oynayır. Yəni, Rusiya istəsə, Ermənistanı Qarabağ məsələsində geri çəkilməyə vadar edə bilər, amma indilikdə bunu istəmir".

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev isə bildirdi ki, artıq Rusiyada da münaqişə ilə bağlı əhval-ruhiyyədə müəyyən dəyişikliklər hiss olunur : "Rusiya tərəfindən Ermənistana təzyiqin baş verib-verməyəcəyi məsələsini hələlik qoyaq bir kənara. Bir il öncəyə qədər Rusiyanın Ermənistana münaqişənin həlli üçün təsir göstərməli olduğu kimi fikirlər səslənmirdi. Hörmətli Polad Bülbüloğlu ağıllı adamdır, prosesin içindədir. O, Rusiyanı da yaxşı bilir, problem barədə də bir azərbaycanlı və diplomat olaraq ciddi biliyə malikdir. Vaxtilə ortaya atılmış xalq diplomatiyası məsələsində də fəal olub. Polad Bülbüloğlu Rusiyanın Ermənistana daha fəal təsir göstərməli olduğunu çox düzgün olaraq deyir. Burada ona diqqət çəkmək istəyirəm ki, indiki məqamda belə fikrin səsləndirilməsi üçün şərait və siyasi çevrələrdə bu şəraiti başa düşənlər də var. Məsələn, proses o nöqtəyə gəlib çatıb ki, Rusiya Dövlət Dumasının bəzi üzvləri arasında da Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini söyləyənlər var. Onlar da qeyd deir ki, bu, belə davam edə bilməz və torpaqlar azad olunmalıdır. Belə fikirləri əvvəllər eşitmirdik. İndi isə bu, hansısa prosesdən xəbər verir və onun informasiya tərəfi Azərbaycan üçün faydalıdır. Moskvadan, ya da Qərbdən səslənməsinə baxmayaraq, o informasiya ki, Ermənistanı narahat edir, deməli, oradakı situasiya ölkəmizin xeyrinədir. Təbii ki, informasiya müharibəsindən dərhal effekt gözləmək, nəticəsi haqda danışmaq tez olsa da, bu informasiyalar öz işini görür, təsirini göstərir. Kimləri isə narahat edir. Azərbaycanın bu məsələdə siyasəti, qətiyyətli mövqeyi lazım gəldikdə hər zaman təkrar olunmaqla bərabər, ölkəmiz həm də çox səbr, məntiq və hövsələ ilə öz işini görür. Bütün bunların konteksində Moskvadakı diplomatımızın dediklərini təqdir edirəm. Belə açıqlamalar nə qədər çox səslənsə, o qədər də işin həlli üçün xeyirlidir. İnformasiya elə bir gücə malikdir ki, ani effekt verməsə də, hansısa proseslərə təsirsiz qalmır. Rusiya siyasi dairələri, Dumadan, analitik mərkəzlərdən buna oxşar informasiyalar səslənsə, yaxşıdır. Bu, Rusiyadakı ictimai rəyə, siyasi çevrələrin əhvalına təsir edir. Ölkəmiz üçün də bu əhəmiyyətli məsələdir. Bir neçə il öncəyə qədər bu məsələlər barədə danışmaq bir qədər çətin idi. İndi isə bunlar bir gerçəklikdir".