Ebolaya görə Azərbaycanla Gürcüstan sərhədi bağlana bilər

21 Oktyabr 2014 10:18 (UTC+04:00)

Gürcüstanda Ebola xəstəliyinə yoluxması ehtimal edilən bir neçə nəfərin həkimlərin nəzarəti altında olması xəbəri Azərbaycanda da narahatçılığa yol açmaqdadır. Qonşu Gürcüstanla əlaqələrin, gediş-gəlişin sıx olması bu dəhşətli virusun Azərbaycana keçmə ehtimalı ilə bağlı narahatçılığı daha da artırır. Azərbaycan digər ölkələrlə sərhəddə, hava limanında Ebola ilə bağlı tədbirlər görsə də, bu virusun ölkəmizə günü-gündən yaxınlaşması təşvişə səbəb olur. Bəs görəsən, Gürcüstanda Ebolaya yoluxduqları şübhəsi ilə karantin nəzarətinə alınan xəstələrdə bu virus aşkarlanarsa, Azərbaycanla Gürcüstan sərhədində hansı tədbirlər görüləcək?

Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumatlara görə, nazirlik Ebola virusunun ölkəmizə keçməsinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görüb. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli deyir ki, daha elə bir tədbir yoxdur ki, səhiyyə Nazirliyi tərəfindən görülməsin. "Ebola virusunun Azərbaycana keçməsinin qarşısını almaq məqsədilə bu virusun yayıldığı ölkələrdən gələnlər tibbi müayinədən keçirilir. Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müvafiq palatalar yaradılıb və hər hansı hal aşkar olunarsa, virus şübhəli şəxslər oraya yerləşdiriləcək. Səhiyyə Nazirliyi Azərbaycanda Ebola virusuna qarşı bütün hazırlıq işlərini görüb, şübhəli hal aşkar olunarsa, xəstələrin yerləşdirilməsi üçün palatalar, müasir tematik müalicənin aparılması üçün də kifayət qədər dərman var. Bu günə kimi belə bir hal olmayıb və şübhəli bilinən hansısa xəstə həmin palataya yerləşdirilməyib. Azərbaycanda səhiyyə nazirinin müavini, ölkənin baş sanitar həkimi Abbas Vəlibəyov Ebola virusu xəstəliyinə qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi, eləcə də bu xəstəliyin respublikamıza keçməsinin qarşısının alınması məqsədi ilə əmr imzalayıb. Əmrdə respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə, gigiyena və epidemiologiya mərkəzlərinin rəhbərlərinə xüsusi tapşırıqlar verilib. Əmrdə xəstəliyə şübhəli bilinən şəxslərin dərhal təcrid edilməsi üçün şəraitin yaradılması, əsas simptomatik müalicəvi preparatların, dezinfeksiyaedici maddələrin tükənməyən ehtiyatının yaradılması, tibb müəssisələrində əksepidemik və dezinfeksiya tədbirləri üzərində nəzarətin gücləndirilməsi, dezinfeksiya rejiminə ciddi riayət edilməsi, Ebola virusuna yoluxmada şübhəli bilinən şəxsin dərhal hospitallaşdırılması üçün şəraitin yaradılması, sərhəd keçid məntəqələrində fəaliyyət göstərən gömrük orqanları ilə əlaqə yaradaraq Ebola virusu yayılmış ölkələrdən gələn vətəndaşlar üzərində tibbi müşahidənin təmin edilməsi üçün şəraitin yaradılması, əhali arasında maarifləndirmə işinin gücləndirilməsi və s. bu kimi xüsusi qabarlayıcı tədbirlərin görülməsi ilə əlaqədar qurum rəhbərlərinə tapşırıq verilib. İndi Gürcüstanda yayılan bu xəbərlə əlaqədar elə bir tədbir yoxdur ki, nazirlik tərəfindən görülsün. Yalnız ÜST-ün tövsiyəsi ilə bu xəstəlik epidemiya halını alarsa, Gürcüstanla sərhəd tam bağlana bilər".

Xatırladaq ki, Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin Müşahidə Şurasının rəhbəri Paata İmnadze bildirib ki, son üç ay ərzində Qərbi Afrikadan Gürcüstana 84 nəfərin gəlib ki, xəstəlik ehtimalının məhz onlara aid olunduğunun mümkündür. Onun sözlərinə görə, Gürcüstana gələnlərin çoxusu Nigeriyadan olub: "Onlar 21 gün karantin keçdikdən sonra, bu adamlara nəzarət edilmir. Məlumata görə, hələlik bir neçə nəfər həkimlərin nəzarəti altındadır".

Qeyd edək ki, Ebola virusu 2014-cü ilin fevralında Qvineyada qeydə alınıb və sonra virus Sierra Leone, Liberiya, Nigeriya, Konqo və Seneqal Demokratik Respublikasına yayılıb. Xəstəlik ABŞ və Avropada da qeydə alınıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Qərbi Afrika ölkələrində bu virusun qurbanlarının sayı artıq 4,5 min nəfəri ötüb, 9 minə yaxın insan isə yoluxub. Ən çox ölüm halları Liberiya, Syerra-Leone və Qvineyada qeydə alınıb.