Insanlar kənd-kənd yoxa çıxır

21 Oktyabr 2014 10:25 (UTC+04:00)

Insan izsiz olaraq yoxa çıxanda hər şeydən əvvəl belə bir fikir yaranır ki, o, cinayətin və ya bədbəxt hadisənin qurbanı olub. Amma bəzən bu cür hadisələr bütöv yaşayış yerləri ilə bağlı olur. Yoxa çıxdıqdan sonra sakinlərini heç kimin heç vaxt görmədiyi tərk edilmiş kəndlərə dünyanın müxtəlif yerlərində rast gəlinir. Və onlar haqqında ən maraqlı hadisələr danışırlar.

Belə ki, Pakistanla sərhəd yaxınlığındakı Racastanda (Hindistan) Kuldhara adlı tərk edilmiş kənd vardır. Orada artıq iki əsrdir ki, heç kim yaşamır. Deyirlər ki, kəndin 1,5 min sakini günlərin birində naməlum istiqamətdə yoxa çıxıblar. Əfsanəyə görə, Kuldharada beş əsr ərzində braminlər yaşayıb və bu icmadan olan bir qız Caysalmerin hakimi Səlim Sinqhin xoşuna gəlib. O, tələb edib ki, qız onun arvadı olsun və fikirləşmək üçün cəmi bir gün vaxt verib. Bundan imtina edildiyi təqdirdə Sinqh kənddəki bütün qızları məhv edəcəyi ilə hədələyib.

O vaxt qızın atası kənd sakinlərinə hakimin qəzəbindən xilas olmaq üçün öz evlərini tərk etmək xahişi ilə müraciət edib. Insanlar tələsik şəkildə həmişəlik olaraq kənddən çıxaraq Səlimə lənətlər yağdırıblar. Həmin dövrdən başlayaraq burada gecələmək üçün risk edən hər kəsi ölüm gözləyr. Kuldharada olanlar danışırdılar ki, gecə vaxtı kənddə kabuslar dolaşır.

Ötən il Dehlidəki Paranormal Cəmiyyətin 30 üzvü bu dəhşətli yeri öyrənmək qərarına gəliblər. Nəticədə tədqiqatçılar bildiriblər ki, hansısa hərəkətdə olan kölgələr görüblər, kimlərinsə səslərini eşidib, həmçinin bir neçə adam görünməyən nəyinsə təmasını hiss edib. Bundan başqa, bəzi yerlərdə temperaturda anlaşılmaz artmalar qeydə alınıb. Maraqlıdır ki, bəzi evlərin divarlarında qədim rəsmlər qalıb və onların rəngi 200 ildir ki solmayıb.

1590-cı ildə Roanok adasında (indiki Şimali Kalorina ştatının ərazisi) yeni gələn adamların kiçik koloniyaları yerləşib. Bir dəfə yaxınlıqdakı əsgərlər görüblər ki, adadan səmaya tonqal tüstüsü qalxır- həmin vaxtlar bu, köməyə çağırış demək idi.

Dayandoldurum tüfəngləri ilə silahlanmış dəstə təhlükədə olan insanları tapmaq üçün oraya gedib. Amma onların gözləri qarşısında qəribə mənzərə canlanıb. Yaşayış yerinin qapıları bağlı olub, içəridə isə vəziyyət elə idi ki, sanki, evin sakinləri indicə şam etməyə hazırlşıblar. Masaların üzərində yandırılmış şamlar dururdu, ocaqlarda isə yemək yanmağa başlamışdı. Ancaq yeməyin bişməsinə nəzarət etmək, şam etmək üçün kimsə yox idi. Kəndin yüz on altı sakini, sanki, buxarlanmışdı. Yeri gəlmişkən, onlarla birlikdə bütün ev heyvanları da yoxa çıxmışdı.

1930-cu ilin noyabrında bu cür hadisə Kanadadakı eskimos balıqçılıq kəndində də baş verib. Bunu Co Lebell adlı ovçu aşkar edib. O, tanış balıqçıları görmək üçün kəndə gedən vaxt oranı tam boş görüb. Komalardan birində ocaq üzərində yemək bişirdi, bunun da nəticəsi olaraq düşünmək olardı ki, sakinlər evlərini elə indicə tərk edib. Yaşayış yerlərində əl vurulmamış ərzaq ehtiyatları və paltarlar var idi. Polis yoxa çıxmış eskimosların yerini göstərə biləcək heç bir iz tapa bilməyib. Amma qar altında ölmüş itlər tapılıb. Və şok yaradacaq daha bir hadisə isə kənd qəbirstanlığında bütün qəbirlərin boş olması idi, sanki, canlı adamlar yaxın adamlarının meyitlərini də özləri ilə aparmışdılar. Ancaq haraya? Məlum deyil.

Bununla bağlı ən müxtəlif versiyalar irəli sürülür. Məsələn, bütöv bir kəndin sakinlərinin yoxa çıxmasını cadugərliklə əlaqələndirirlər. Guya, sehrbazlıq vasitəsilə, kimi və nəyi desən, itməyə məcbur etmək olar. Maraqlıdır, lakin fiziki mənada bu, necə baş verir? Insanların bədəni mikrohissəciklərə parçalanır?

Başqa ölçülərə keçmək versiyası da populyardır. Guya, həmin yerdə müvəqqəti məkan portalı açılıb və insanlar keçmişə, gələcəyə və ya ümumiyyətlə, paralel dünyaya keçərək əbədi olaraq yoxa çıxıblar.

Yeri gəlmişkən, bu cür portalların mövcudluğu hələlik elmi baxımdan sübut olunmadığı üçün bu versiyanın ziddinə heç nə demək mümkün deyildir.

Əlbəttə, daha ağlabatan izahlar da vardır. Deyək ki, hansısa pis niyyətli adamlar insanları məhv edərək onların cəsədlərini gizlədə və ya yandıra bilərlər. Ya da insanlar hansısa səbəblərə görə özləri də gedə bilərlər. Amma haraya gediblər? Təbii ki, bunun da variantları vardır: meşədə aza, suda boğula, quldurların və ya vəhşi heyvanların qurbanına çevrilə bilərlər.

Bir sözlə, versiyalar çoxdur, lakin bunlardan heç biri hələlik öz təsdiqini tapmayıb. Buna görə də tərk edilmiş kəndləri dəhşətli mistik fikirlər əhatə etməkdə davam edir.