Bələdiyyələrin səlahiyyətləri artır

22 Oktyabr 2014 08:23 (UTC+04:00)

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Prezident İlham Əliyev "Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb. Dəyişikliklərə əsasən, sərəncamın 3.3-cü bəndi aşağıdakı redaksiyada verilir: "Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhərlərində və rayon mərkəzlərində şəhər avtomobil yollarının müvafiq yerli icra hakimiyyəti orqanlarının balansına, şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yollarının, habelə kənd və qəsəbələrin ərazisində yerləşən küçələrin, keçidlərin, ictimai nəqliyyat xətlərinin, digər yolların və yol qurğularının isə müvafiq bələdiyyələrin balansına verilməsini təmin etsin".

Ekspertlərin qənaətinə görə, edilmiş dəyişiklik bələdiyyələrin fəaliyyətini beynəxalq standarlara yaxınlaşdıracaq. Bələdiyyə məsələləri üzrə ekspert İlqar Hüseynli ilk öncə qeyd etdi ki, bələdiyyələr seçkili orqandır: "Seçkili orqan cəmiyyətdə nüfuzuna görə seçilmiş insanlardır. Qanunlar və onları icra etmək insanlar üçündür. Qanuna edilmiş dəyişiklərin formasından asılı olmayaraq, seçilmiş insanlar həmin qanuna müvafiq olaraq tələb və öhdəlikləri yerinə yetirmək imkanına da malikdirlər. Yəni, edilmiş dəyişikliklər bələdiyyələrin hərəkət imkanları daxilindədir. Bildiyimiz kimi, Azərbaycanda bələdiyyələr formalaşdığı gündən ancaq ölkədə torpaq satan qurum kimi qəbul olunmağa başlamışdı. Bələdiyyələrin onsuz da torpaqların idarə edilməsi, onların icarəyə verilməsi, alqı-satqısından gələn gəlirin idarə edilməsi ilə bağlı səlahiyyətləri var. Sadəcə olaraq, 2010-cu ildən etibarən bələdiyyələrin torpaqların idarə olunması ilə bağlı səlahiyyətlərində müəyyən dəyişikliklər edildi. Torpaqlar Torpaq və Xəritəçəkmə Komitəsinin birbaşa iştirakı altında hərrac yolu ilə satılmağa başladı. Ancaq bundan sonra da qanunlar təkmilləşdirilməlidir. Bələdiyyələrə əlavə səlahiyyətlər verilməlidir ki, əmlakında, icarəsində olan torpaqlar üzərində tam mülkiyyətə sahibi ola bilsinlər".

Bələdiyyə məsələləri üzrə digər ekspert Vüqar Tofiqli isə hesab edir ki, bu dəyişiklik əsasən, qanunverciliyin beynəlxalq standartlara yaxınlaşdırılmasıdır: "Ümumilikdə isə, bu, bələdiyyələrin inkişafına töhfə verən qərardır. Bildiyimiz kimi, bundan əvvəl ölkə rəhbəri əmlak vergisi, onun şəffaflığı ilə bağlı da sərəncamlar imzalamışdı. Bunlar da bələdiyyələrin inkişafında xüsusi rola malikdir. İndi sərəncamda məsuliyyət işi bələdiyyələrin üzərinə düşmür. Burada dövlətin tənzimləməsindən söhbət gedir. Qərar həmin tənzimləmələrin beynəxlalq standartlara uyğunlaşdırılmasıdır. Yəni, qanunverciliyin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı dövlətin atdığı addımdır". Hazırda maraq doğuran məsələ bələdiyyələrin onlara verilən səlahiyyətləri nə dərəcədə səmərəli şəkildə yerinə yetirəcəkləridir.