Azərbaycan Rusiya neft nəhənginin əsas tərəfdaşına çevrilir

22 Oktyabr 2014 08:35 (UTC+04:00)

Şimal qonşumuzun neft nəhənglərindən hesab olunan "Rosneft" şirkətinin Azərbaycanla münasibətlərini daha intensiv hala gətirməyə çalışması aydın müşahidə olunmaqdadır. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 20-də "Rosneft" Dövlət Neft Şirkətinin prezidenti İqor Seçini qəbul edib. Görüşdə "Rosneft" və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən həm Azərbaycanda, həm də Rusiyada həyata keçirilən birgə layihələr barədə məlumat verilib, əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib. Bundan bir müddət əvvəl isə ARDNŞ-lə "Rosneft" arasında birgə əməkdaşlıq barədə müqavilə imzalanıb.

Xatırladaq ki, "Rosneft"lə əməkdaşlıq edən Qərb şirkətləri məlum səbəblər üzündən bu günə qədər onunla birgə həyata keçirdikləri layihələrdən geri çəkiliblər. Bu konteksdə istisna deyil ki, "Rosneft" Qərb şirkətlərilə işlədiyi layihələri artıq ARDNŞ-lə birgə həyata keçirsin?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bunun mümkün olduğunu: "Rosneft"lə ARDNŞ-in əməkdaşlığında hər hansı problem yoxdur. Çünki, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşulmayıb. Bu sanksiyalara qoşulmadığından, Azərbaycan şirkətlərinin Rusiya şirkətləri ilə əməkdaşlıq etmək imkanları var. Nə beynəlxalq qaydalar, nə də hüquqi baxımdan bunu qadağan edən əsaslar yoxdur. Amma Qərbin Rusiyaya qarşı sanksiyalar tətbiq etdiyini nəzərə alsaq, bu baxımdan praktik olaraq qonşu ölkələr Rusiya ilə genişmiqyaslı əməkdaşlıqda maraqlı görsənmir. Təbii ki, Azərbaycan balanslaşdırılmış siyasət həyata keçirir. Ölkəmiz nəinki siyasi, eyni zamanda iqtisadi münasibətlərdə balanslaşdırılmış siyasət prinsipinə sadiqdir. Bu mənada, Azərbaycan tərəfinin "Rosneft"lə əməkdaşlıqla bağlı açıqlamaları məhz ölkəmizin xarici siyasət konturlarına uyğundur. Amma onu da nəzərə alaq ki, Rusiya şirkətləriilə əməkdaşlıq müəyyən zaman tələb edir. Qısa zamanda əməkdaşlıqla bağlı ilkin razılıq əldə olunsa da, əməkdaşlığa qısa müddət kəsiyində nail olmaq mümkün olmur. "Rosneft"lə bağlı əməkdaşlıq məsələsi iki ilə yaxındır ki, müzakirə olunur, amma real olaraq Azərbaycan şirkətilə əməkdaşlıq yaradılmayıb. Bu baxımdan güman edilir ki, son görüşdən sonra da əməkdaşlığın qısa zamanda əldə olunacağı gözlənilmir. Yenə də danışıqlar müəyyən zaman tələb edəcək və bu zaman ərzində Azərbaycan qlobal siyasətdə baş verən hadisələrə uyğun olaraq qərar qəbul etmək imkanına malik olacaq. Hətta belə bir əməkdaşlıq qurulsa da, həmin əməkdaşlığı Dövlət Neft Şirkəti qurur. O da beynəlxalq arenada SOKAR adından çıxış edir. O da özəl olmasa da, əslində, şirkət kimi fəaliyyət göstərir. SOKAR-ın şirkət kimi fəaliyyəti isə digər dövlətlrdə hansısa bir qıcıq yaratmır. Bu fonda güman etmirəm ki, əməkdaşlıq baş versə də, ölkəmiz üçün hansısa çətinliklər formalaşsın. Azərbaycan tərəfindən SOKAR çıxış etdiyindən bu ölkəmizə basqıların yaranmasına imkan verməyəcək. Bütövlükdə, Azərbaycanla Rusiya arasında neft-qaz məsələsində aparılan əvvəlki danışıqların təcrübəsinə əsasən, güman etmək olar ki, bu danışıqlar da müəyyən zaman tələb edəcək və qısa müddətdə əməkdaşlığın formalaşacağını proqnozlaşdırmaq çətindir".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev isə indiki halda ARDNŞ-in Rusiya şirkətləri ilə birgə layihələrdə iştirakına belə münasibət bildirir: "Dünyanın iri şirkətləri, o cümlədən neft kompaniyaları ilə ölkəmizin əməkdaşlığı əslində, müsbət dəyərləndirilməlidir. Bu mənada ARDNŞ-lə "Rosneft" arasında əməkdaşlıqda da qəbahət yoxdur. Amma məsələnin ikinci tərəfi üzrə yanaşsaq, burada müəyyən narahat doğuran məqamların olduğu üzə çıxır. "Rosneft" Rusiyanın böyük neft şirkəti olaraq, Avropa və ABŞ-ın sanksiyalarına məruz qalıb. Ona görə də, bu şirkətlə əməkdaşlıq hazırki situasiyada bir qədər narahatçılıq yaradır. Əvvəllər də qeyd etmişdim ki, Rusiyaya tətbiq olunan sanksiyaların Azərbaycana da müəyyən təsiri var. Bu təsir də ondan ibarətdir ki, rus şirkət və bankları pul dalınca Azərbaycana axışa bilər. Hazırda bu proses özüün göstərir".