Pensiyalarla bağlı problem
21 Oktyabr 2014 20:33 (UTC+04:00)
"Əhalinin pensiya ilə təmin olunmasında
problemlərin yaşanmaması üçün Azərbaycandakı pensiya islahatları
müasir beynəlxalq çağırışlara və inkişafa uyğunlaşdırılmalıdır.
Bunun üçün isə uzunmüddətli və dayanıqlı maliyyə təminatı və tam
təşəkkül tapmış sosial sığorta pinsipləri
olmalıdır."
ANS PRESS-in məlumatına görə, bunu Dövlət Sosial
Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.
O, "Azərbaycan" qəzetinə müsahibəsində bildirib
ki, vətəndaşlara əlavə pensiya təminatına imkan verən mexanizmlər
formalaşdırılmalı, pensiya sistemləri fərdi yığım planları ilə əvəz
edilməlidir. Azərbaycanda məcburi real yığım komponentindən
istifadə edilir. Lakin bununla bağlı kifayət qədər ehtiyatlı olmaq
lazımdır. Belə ki, qlobal maliyyə böhranı bu üsulun təhlükəsiz
olmadığını göstərib.
Onun sözlərinə görə, dünyada yaşlı insanların
artması, işləyən gənclərin isə azalması pensiya sistemlərinin
maliyyələşdirilməsində problemlər yaradır. Pensiya sistemlərindəki
problemlər demoqrafik tendensiyalar, iqtisadiyyatın qloballaşması,
miqrasiya artımı kimi təsirlərdən qaynaqlanır. Dünyada doğum
səviyyəsinin azalması və orta ömür həddinin artması, "qlobal
yaşlanma" problemi ailə xarakteristikasına, dünya quruluşuna, bir
sözlə, bütün sosial, iqtisadi, siyasi aspektlərə təsir
edir.
BMT-nin hesablamaalarına görə, dünyada 59 yaşdan
yuxarı əhalinin xüsusi çəkisi qarşıdakı 20 ildə təqribən 50 faiz
artacaq. Nəticədə 25 yaşlı insanların sayı hər 25 ildən bir 20 faiz
azalacaq. Gənclərin azalması isə pensiya mənbələrinin ödənilmə
mənbəyinin azalması deməkdir.
E.Mehdiyevin fikrincə, yaşlı insanların artması,
işləyən gənclərin isə azalması pensiya sistemlərinin
maliyyələşdirilməsində problemlər yaradır. Bütün bunlar inkişaf
etməkdə olan bazar iqtisadiyyatı ölkələrinin pensiya sistemlərinə
daha çox təsir göstərir.