Qarabağ üçün ağlabatan təklif
22 Oktyabr 2014 14:23 (UTC+04:00)
Almaniya Bundestaqının deputatı, "Almaniya -
Cənubi Qafqaz" dostluq qrupunun sədr müavini Katrin Kunert Dağlıq
Qarabağ münaqişəsinin nizama salması ilə bağlı maraqlı açıqlama
verib.
ANS PRESS-in məlumatına görə, o, Almaniya federal
hokümətini "Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin
həllində Rusiyanın son səylərini dəstəkləyib: "Bu ilin avqustunda
atəşkəs rejiminin kobud şəkildə pozulması tərəflərarasında
tammiqyaslı müharibəyə gətirib çıxarmadı. Bu, xüsusilə Rusiyanın
xidmətidir."
Onun sözlərinə görə, iki ölkə arasında sülh
danışıqlarının səmərəli şəkildə davamı üçün ATƏT-in Minsk qrupuna
təcili surətdə maliyyə və kadr potensialını artırmaq üçün yeni işçi
strukturu lazımdır.
O deyib ki, ümumiyyətlə, Cənubi Qafqazdakı
dövlətlərarası münaqişələr sülh yolu ilə, beynəlxalq hüquq
çərçivəsində həllini tapmalıdır. Qarşı tərəflər bunun üçün
güzəştlərə hazır olmalı və hərbi ritorikadan imtina etməlidirlər.
İlk mərhələdə Ermənistan Dağlıq Qarabağın ətrafında yerləşən
Azərbaycan ərazilərində hərbi işğalını dayandırmalıdır və təqribən
610 min azərbaycanlı məcburi köçkünün doğma yurduna qayıdışı təmin
edilməlidir.
Bundestaq üzvü söyləyib ki, Azərbaycan, öz
növbəsində, Dağlıq Qarabağın erməni sakinlərinin təhlükəsizliyi ilə
bağlı hüquqi zəmanət verməlidir. Beləliklə, müharibənin
yenilənməsinin təhlükəsi minimuma yaxınlaşacaq və burada yaşayan
əhalinin hər iki qrupunun iştirakı ilə demokratik şəkildə Dağlıq
Qarabağın siyasi statusu müəyyənləşəcək.
Deputat Almaniya hökumətini ATƏT-in Minsk qrupunun
üzvü kimi, bu istiqamətdə səylərini artırmağa, bunu konkret
addımları ilə təsdiqləməyə çağırıb.