Sürücülər yenə yanacaqdoldurma məntəqələrindən şikayətçidirlər

23 Oktyabr 2014 08:03 (UTC+04:00)

Sürücülər hələ də yancaqdoldurma məntəqələrindən şikayətlənirlər. Onların iddialarına görə, vurulan benzin göstərilən rəqəmlərlə adekvat təşkil etmir. Maraqlıdır ki, şikayətçilər arasında yeni avtomobil sahibləri də var. Onların sözlərinə görə, yanacaqdoldurma məntəqəsində vurulan yanacaq avtomobilin texniki pasportunda göstərilən və vurulmuş yanacağın həcminə uyğun gələn məsafəni qət etməyə çatmır. Burada avtomobilin texniki vəziyyəti də səbəb kimi önə çəkilə bilər. Ancaq şikayətçilər arasında yeni avtomobil sahiblərinin olması günahı yanacaqdoldurma məntəqələrinin üzərində qoyur.

Azərbaycan Texniki Universitetinin "Avtomobil vasitələri" kafedrasının müdiri Rauf Məmmədovun sözlərinə görə, şəhər daxilində hərəkət götürüldükdə belə normalar var ki, texniki sənəddə göstərilənlər doqma, ehkam deyil: "Şəhər şəraitində hərəkətə görə avtomobil üçün əlavə 5-10% yanacaq sərfi norma olaraq nəzərdə tutulur. Çünki, şəhərdə hərəkət intensivliyi, tıxaclarda dayanma, kəsişmələrdə, işıqforlarda ləngimələr və s. nəzərə alınaraq, həmişə əlavə yanacaq sərfi olur. Ancaq bunlarla yanaşı, yanacaq sərfini artıran kiçik səbəblər də var. Əgər avtomobilin təkərlərindəki maililiyin görüşmə bucaqları normadan azca fərqlənirsə, avtomobilin yanacaq sərfini 5-10% artırır. Bundan başqa, alışdırma sistemində nasazlıq 5-7%, şinin normadan artıq yeyilməsi 3-5% yanacaqda sərfində artım yaradır. Bunlar da topalayanda 15%-ə qədər yanacaq sərfinin artdığını görə bilərik. Maşın ancaq tam texniki saz vəziyyətdə olduqda normada göstərilən qədər yanacaq işlədə bilər. Yanacaq sərfi hətta sürücünün peşəkarlığından da asılıdır. Sürücü vaxtız tormozlama, sürətlənmə əməliyyatı aparırsa, yanacaq sərfini artıra bilir. Hələ bundan başqa səbəblər də var".

Ekspert əlavə etdi ki, yanacaq sərfinə benzinin keyfiyyəti də təsir göstərə bilər: "Oktan ədədi hətta bir qədər fərqlənərsə, bu, yanacaq sərfinin dəyişməsinə səbəb ola bilər. Digər tərəfdən, benzinin əsas xüsusiyyətlərindən biri onun sıxlığı, özlülüyüdür. Bunların da normada olması tələb edilir. Bunlar normada olmasa, yanacaq sərfində artımlar yaradır".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, yanacaqdoldurma məntəqələrində üzərində bölgü olan menzurka olmalıdır: "Vətəndaş alacağı benzini birinci növbədə o qaba tökdürməlidir. Menzurka ilə benzin vurularkən onun həcmini açıq şəkildə görə biləcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi isə menzurkanın açıq yerə qoyulmasına şərait yaratmalıdır. Digər tərəfdən, yanacaqdoldurma məntəqələrində uzun şlanqlardan istifadə olunur. Uzun şlanqların içində qalan benzin isə sayğacdan keçsə də, istehlakçıya çatmır. Yəni, benzin sayğacdan keçir, ancaq şlanq uzun olduğuna görə içində qalır. Həmin benzin isə təzədən geri sovrulur. Şlanqı yuxarı qaldırmaq lazımdır ki, benzin maşının çəninə tam boşalsın. Bütün bunlarla yanaşı, keyfiyyət məsələsinə də ciddi nəzarət olunmalıdır. Bizdə olan məlumata görə, benzinlər heç də keyfiyyətinə görə bir-birindən çox fərqlənmir. Fərqlənmə yalnız rənglərinə görədir. Cərimələr artırılmalıdır. Lakin əsas problemlərin həlli şəffaflıqdadır".