Radikal müxalifət siyasi səhnədən silinir

23 Oktyabr 2014 08:43 (UTC+04:00)

Son günlərdə radikal müxalifət düşərgəsində istefaların sayının çoxalması müşahidə olunmaqdadır. Xüsusən də AXCP və Müsavat partiyalarının sıralarını tərk edənlərin sayı sürətlə artır. AXCP sədrinin müşaviri Şakir Abbasovun ardından Ali Məclisinin üzvü İslam Mahmudov da təmsil olunduğu partiyadan istefa verib. Bunun davamlı olacağı gözlənir. Müsavatda da vəziyyət yaxşı deyil. Son istefalardan sonra başqanlığa keçmiş namizəd Səxavət Əlisoy qeyd edir ki, Arif Hacılı və tərəfdarları Müsavat funksioneri Vurğun Əyyubun, sabiq MNTK sədri İbrahim İbrahimlinin, digər MNTK üzvü Əlövsət Talışxanlının, Suraxanı rayon təşkilatının sabiq sədri Rövşən Dəmirlinin, Zəngilan təşkilarının sədri Rüfət Əliyevin və bir çox partiya üzvlərinin istefasına nail olmaq istəyir. Söz yox ki, bu addımın atılması, daha çox müsavatçının Arif Hacılının rəhbərliyi altında olan partiya il əlaqəsini kəsməyə rəvac verəcək. Proseslər onu deməyə əsas verir ki, siyasi səhnədə öz əhəmiyyətini çoxdan itirmiş hər iki radikal partiya rəhbərləri təşkilatlarını artıq uçurumun lap kənarına gətirib çıxarıblar. Onu da qeyd edək ki, adətən radikal müxalifətdə yarpaq tökümü özünü əsasən bu və ya digər seçkilər ərəfəsi, xüsusən də seçkilərdən sonra göstərir. Lakin bu dəfə Müsavat Partiyasındakı istefalar onun qurultayının nəticələrinə əsasən baş qaldırdı. Artıq neçə illərdir ki, bu qüvvələr ildən-ilə öz mövqelərini itirməklə gəlib hazırki acınacaqlı duruma düşüblər. İndi onların sosial bazası barmaqla sayılacaq həddə çatıb.

Azad Respublikaçılar Partiyasının sədri Kamil Seyidov qeyd etdi ki, radikal müxalifət siyasi səhnədən silinmək üçün son ilini yaşayır: "Radikal müxalifət daxilində gedən proseslər, baş verən istefalar onu göstərir ki, bu düşərgədə hər şey ardıcıl sonluğuna yaxınlaşmaqdadır. Dəfələrlə qeyd etmişik ki, indiki vəziyyətdə Azərbaycanda fəaliyyət göstərən və özünü müxalifət adlandıran bu qüvvələr əslində, qeyri-legitim müxalifətdir. Radikal müxalifətin varlığı, fəaliyyət göstərməsi özü qeyri-legitimdir. Bunun belə olduğunu dəfələrlə mətbuatda da arqumentlərlə sübut etmişik. Radikal müxalifətin bu qanadlarında siyasi baxımdan payız tökümləri başlanıb. Əvvəllər də Müsavatla AXCP-də istefa halları müşahidə olunurdu. Həmin dairədən istefa verən insanlar bir daha yəqin etdi ki, buradakı rəhbərlərin apardığı siyasi fəaliyyətin müsbət yekunu, perspektivi yoxdur. Yəni, onlar liderlərindən fərqli olaraq, təşkilatlarının apardığı hazırki mübarizə metodunun perspektivsiz olduğunu görür və buna uyğun olaraq hərəkət etməklə, partiyalardan istefa verirlər. Dəfələrlə qeyd etmişik ki, müxalifət qüvvələrinin siyasi vitrində hökmən dəyişiklik getməlidir və gedəcək. Bu dövrün, zamanın tələbidir. İstər Müsavat Partiyası, istərsə də, AXCP-nin rəhbər orqanlarında təmsil olunanlar hələ də keçən əsrin 90-cı illərində rəhbərlikdə olan həmin şəxslərdir. Onların siyasi məfkurəsi və siyasi rəhbərliyində demək olar heç bir dəyişiklik getmədiyindən, artıq sıravi müxalifətçilər də 20 ildən artıq apardıqları mübarizənin yekununu görürlər. Bu yekun da onlar üçün bundan sonra da həmin təşkilatlarda qalmaqla heç də perspektivli sayıla bilməz. Yəni, daha burada qalmağın perspektivsiz olduğunu dərk ediblər. Müxalifət daxilindəki yarpaq tökümünün əsas səbədi daxili ziddiyyətlərlə yanaşı, Azərbaycan dövləti, onun Prezidentinin apardığı uğurlu siyasətinin nəticəsidir. Radikallardan istefa verən insanlar da əhalinin hazırki iqtidarla sıx birlikdə olduğunu görür. Belədə siyasi fəaliyyətlərini dondurmaq yolunu tuturlar. Ümumiyyətlə, vaxtilə siyasətlə məşğul olan müxalifətdəki bu insanların artıq təqaüd zamanı yetişib. Bunu etməklə, onlar yeni gələn nəslə siyasi arenada mövqe tutmaları üçün şərait yaratmalıdırlar. Yaxın zamanlarda bunun şahidi olacağıq. Ən yüksək səviyyələrdə belə radikal müxalifət daxilində istefaların şahidi olacağıq. Belədə, yəqin ki, onların əvəzinə, yeni bir nəfəs gələcək. Müxalifətin fəaliyyəti üçün ölkədə hər cür normal şərait yaradılıb. Onlar sərbəst şəkildə mitinqlərini də keçirirlər. Amma eyni zamanda, bu mitinqlər müxalifətin sosial dayağının nədən ibarət olduğunu da əyani şəkildə ortaya qoydu. Onların arxasınca gedən insanları artıq barmaqla saymaq olar. Bunu hamı, eyni zamanda hələ də müxalifətdə olanlar da görür. Yaxın zamanlarda həmin düşərgədə daha ciddi istefalar olacaq. Uzağı bir ilə, parlament seçkilərindəki növbəti məğlubiyyətdən sonra, hazırki radikal müxalifət nəhayət siyasi arxivə yollanacaq".

YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov da radikal müxalifətin siyasi səhnədən çıxmaq ərəfəsində olduğunu dedi: "AXCP və Müsavat daxilində baş verən bu istefalar gözlənilən idi. Daimi baş verən məğlubiyyətləri, uğur qazana bilməmələri, eyni zamanda köhnə steoreotiplərdən əl çəkməmələri, bu siyasi çevrədə toplaşan və az miqdarda qalan insanları da liderlərindən uzaqlaşdırıb. Adətən, insanlar uğura imza atan lider ətrafında toplaşır. Radikal müxalifət liderləri isə 20 ildən çoxdur, uduzmaqda davam edirlər. Belədə, insanların onlardan uzaqlaşması onsuz da labüd idi. Başqa bir tərəfdən, uğursuzluğa rəğmən, liderlərin tutduğu partiya vəzifələrindən bərk-bərk yapışmaları, gənclərə yer verməmələri də sıravilər arasında inciklik yaradıb. Bu məğlubiyyətlər seriyası da əvvəl-axır müxalifətin radikal qanadının siyasi səhnədən silinməsinə gətirib çıxaracaq. Buna az qalıb. Onların perspektivi yoxdur. Bunu öncədən anlayanlar onlardan uzaqlaşır".