Səfirin Qarabağ açıqlaması

22 Oktyabr 2014 20:26 (UTC+04:00)
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllindən başqa alternativi yoxdur.

ANS PRESS-in məlumatına görə, bunu diplomatik missiyasının başa çatması münasibətilə keçirilən tədbirdə Fransanın Ermənistandakı səfiri Anri Reno bildirib.

O, prezidentlər Fransua Oland, İlham Əliyev və Serj Sarkisyanın qarşıdakı görüşü barədə danışıb və xatırladıb ki, Ermənistan və Azərbaycan prezidentləri arasında növbəti görüş barədə təşəbbüs Fransua Olland tərəfindən Bakıya, eləcə də İrəvana bu ilin mayında reallaşdırdığı səfəri zamanı irəli sürülüb və qəbul olunub. Görüş yaxın günlərdə Parisdə olacaq. Danışıqlarda hədəf Dağlıq Qarabağ münaqişəsinin həlli yollarının axtarılıb tapılması, yeni stimulverici məqamların yaranması olacaq. Tərəflər arasında etibarlılıq atmosferinin yaradılması çox əhəmiyyətlidir ki, ümumi vəziyyətin dəyişikliyi üçün yeni imkanlar yaransın.

Səfir ATƏT-in Helsinki aktının prinsiplərini xatırladıb, ölkələrin ərazi bütövlüyünə, xalqların hüquqlarının qorunmasına hörmətlə yanaşmağın zəruriliyini, bölgədə sabitliyin bərpasına ehtiyac olduğunu söyləyib.

O, qondarma DQR prezidenti Bako Saakyanın həmsədr ölkələrin prezidentlərini Dağlıq Qarabağa səfərə dəvət etməsindən xəbərsiz olduğunu vurğulayıb: "Mən bu təşəbbüsdən məlumatsızam. Ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesi ATƏT-in Minsk qrupunun formatına daxildir".