Şou əhli "toylara yox" deyənlərə od püskürdü: "Belə getsə, acından öləcəklər" -SORĞU

23 Oktyabr 2014 16:52 (UTC+04:00)

Müğənnilər sosial şəbəkələrdə "Toylara yox deyək" kampaniyasını tənqid atəşinə tutublar. Movqe.az-ın bu kampaniya ilə bağlı rəyini öyrəndiyi şou əhlinin parlaq simaları,   gözlərini yumub ağızlarını açıblar. Çörəyi toylardan çıxan müğənnilər "Toylara yox deyək" kampaniyasını başladanları təhqir etməkdən belə çəkinməyiblər. Ən kəskin reaksiyanı isə populyar müğənni Ədalət Şükürov göstərib. Müğənni bu kampaniyanı başladanları ruhi xəstə adlandırıb. Mövqe.az müğənnilərin kampaniyaya münasibətini təqdim edir:

Xalq artisti Nazpəri Dostəliyeva: " Vallah nə deyim ,yazıq müğənnilər. Nə vaxta kimi müğənnilərin ciblərini sayacaqlar. Bəs toyları yığışdırsalar müğənni ailəsinə necə baxacaq, uşaqlarını necə dolandıracaq?! Olmaz axı...Bu fikri dəstəkləmirəm. Real da baxmıram. Heç məntiqli bir fikir deyil".

Müğənni Ədalət Şükürov: " Bax belə də yazın, kim o təklifi veribsə deməli başı xarab olub. İkincisi də arzum budur ki, Allah həmin təklifi verən insanlara toy qismət eləsin. Ancaq nə onların toyuna gedən, nə də ki, süfrələrində yemək olmasın. Bizim elimizin adətləri var. Toy bizim ən gözəl adət ənənəmizdir.Toyu adi siravi insan da edir, məmurlar da... Allah bizim hamımıza təki toy qismət eləsin. O ki, qaldı israfçılığa bəli razıyam. İsrafçılıq var. Amma israfçılığa görə toy olmasın?  "Toylara yox deyək" deyənlər həkimə gedib, başlarını həkimə göstərsinlər. Yazarlar da gedib öz işləri ilə məşğul olsunlar, insanların beyinlərini belə aksiyalarla qarışdırmasınlar. Mən bu fikri özümə görə demirəm. Mənim onsuzda gəlirim toysuz da olacaq. Sadəcə toyun olmaması absurt fikirdi".

Əməkdar Elza Seyidcahan: "Qədimdən bəri toylarımız 40 gün 40 gecə olurdu. Sonra 7 gün, daha sonra da 3 gün keçirildi. İndi isə toylarımız cəmi 1 gün olur. Ona da qadağa qoyulsa daha nə oldu? Hər kəs cibinə uyğun toy edir. Biz özümüz də toylarda çox oluruq. Toy yiyəsinədn öncə restoranın adını soruşuruq. Əgər o toy yiyəsi normal qiymətli restoran deyirsə, biz də toy qiymətində güzəştə gedirik. Mən şəxsən insanların özəl gününü neçə keçirilməsinə qarışa bilmərəm. Özüm toya gedəndə yeməyə fikir vermirəm. Ancaq elə insanlar var toya sanki qarın doydurmaq üçün gəlir. Gücü çatmayan insan toyda aş, dolma da versə kifayət edər, qarın doyur çünki. Toylarda heç israfçılıq olmur. Artıq yeməklər işçilərin evinə gedir. Allah razı olsun  o restoran sahiblərindən ki, böyük savab qazanırlar. Toylara yox deyilsə də bu mənim üçün təhlükə deyil. Çünki mən tək toydan yox, sənətimdən daha çox qazanıram. Müğənnilərimizə məsləhətim odur ki, toyu yox sənəti düşünsünlər. Fırtına gəlir, belə getsə acından öləcəklər. Amma mənim üçün bunun heç bir qorxusu yoxdu. Çünki sənət balansımı saxlamışam. Bu isə həm toy müğənnilərini həm də ki, bəzi sənətkarları yaman qıcıqlandırır. Hara baxırlar Elzanı görürlər. Nə deyim, bir sözlə bacarana can qurban".

Müğənni Eyyub Yaqubov: " Əgər qanunvericilikdə belə bir dəyişiklik olsa, ya stabil qiymət təyin olunsa, biz də razı olarıq, əlbəttə ki... Toylar müğənnilərin əsas qazanc yeridir".

 Müğənni Əli Mirəliyev: "Toya yox deməyək. Toya dədələrinin qiymətini qoyan müğənnilərə yox deyək. Bu gün maaş nə qədərdi ki, 10 minə toya gedir müğənni ? İnsan damarına baxar qan alar. Toya müğənninin çağıran da, elə müğənninin özü də xalqın balasıdır. İş adamından çox məbləğ alırsansa özün bil. Aşağı səviyyədə yaşayan insanlara elə qiymət deyirlər ki... Ucuz getsən hər gün oxuyarsan, baha getsən ayda iki dəfə. Biz də toyllara getmişik, amma inanın üzümüz gəlməyib deyək ki, mənə filan qədər ver".

Müğənni Mətanət Əsədova: "Toy bizim elimizin adət ən ənəsidir. Toyu da yığışdırsalar nə oldu? Mənim şəxsən əsas gəlir mənbəyim səsimdi. Toydan başqa qazanc yerim yoxdu. Toyu da yığışdırsalar, desinlər ki, Mətanət əl-ayağını uzat əl-ayağını öl ".

Müğənni Ayan Babakişiyeva: " Bəs müğənni nə ilə yaşasın? Gəlir yeri ancaq toydu. Əsla toylara yox demərəm, əksinə hə deyirəm".

Müğənni Xatirə İslam: "Kim bildirib ki bu fikri ?! Mən bu barədə danışmaq istəmirəm. Toylar haqqında danışmaq istəmirəm. Toya gedirəm, amma bununla bağlı kiməsə hesabat verməliyəm?".