Subsidiyaların verilmə mexnaizminin dəyişməsi ləngiyir

24 Oktyabr 2014 08:02 (UTC+04:00)

Bəlli olduğu kimi, gələn il Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı üçün istifadə olunan mineral gübrələrə görə fermerlərə verilən subsidiyanın məbləği 50 manatdan 80 manata qaldırılacaq. Bu 2015-ci ilin dövlət büdcəsində nəzərdə tutulub. Adətən subsidiya həcminin azlığından gileylənən fermerlər bildirilər ki, hər hektar üçün nəzərdə tutulan məbləğin 30 manat artırılması maddi marağı yüksəltməklə yanaşı məhsulun maya dəyərini aşağı salacaq. Qeyd edək ki, kənd təsərrüfatı məhsulları istehsalçılarının stimullaşdırılması, yəni subsidiyanın məbləğinin 50 manatdan 80 manata çatdırılması üçün 2015-ci il dövlət büdcəsində 186,2 milyon manat vəsait nəzərdə tutulub. Müxtəlif məhsullar üzrə verilən subsidiyaların həcmində isə dəyişiklik olmayıb. Lakin istənilən halda dövlət büdcəsindən fermerlərə subsidiya üçün böyük həcmdə vəsait ayrılır. İndiyə qədər isə gündəmdə olan məsələlərdən biri daha səmərəli nəticəyə nail olmaq üçün subsidiya mexanizmlərinin dəyişdirilməsi ilə bağlıdır. Lakin proses ləngiyir.


Vahid Əhmədov: "Subsidiyaların verilməsi ilə əlaqədar müəyyən problemlər var idi və bu gün də qalmaqdadır"



Millət vəkili Vahid Əhmədov qəzetimizə bildirdi ki, aqrar sahənin subsidiyalaşdırılması həmişə gündəmdə olan məsələdir: "Subsidiyaların verilməsi ilə əlaqədar müəyyən problemlər var idi və bu gün də qalmaqdadır. Hətta bir müddət əvvəl subsidiyaların verilməsi ilə əlaqədar iki nazirlik arasında problem yaranmışdı. Yeni kənd təsərrüfatı nazirimiz cənab Heydər Əsədov artıq Maliyyə Nazirliyi ilə danışıb. Yeni mexanizm tətbiq ediləcək. Artıq onun üzərində işlər gedir. Yəqin ki, yaxınlarda elan ediləcək".


Nizami Qarayev: "Subsidiya elə şəkildə verilməlidir ki, fermerlər istehsalı, məhsuldarlığı artırmağa həvəslənsinlər"


Aqrar məsələlər üzrə ekspert Nizami Qarayev də hesab edir ki, verilən subsidiyanın yaratığı effekt onun verilmə mexanizminin dəyişməsinə ehtiyacın olduğunu göstərir: "Hazırda ən böyük pay buğda istehsalçılarına çatır. Lakin ölkədə buğda istehsalında ciddi dəyişiklik müşahidə edilmir. Bu, onu göstərir ki, verilən subsidiya lazımi səmərə vermir. Ona görə də subsidiyanın verilmə mexanizmi dəyişdirilməlidir. Subsidiya elə şəkildə verilməlidir ki, fermerlər istehsalı, məhsuldarlığı artırmağa həvəslənsinlər. Hazırda tətbiq olunan mexanizm isə belə bir imkana malik deyil. İndiki şərtlər fermerin necə işləməsindən asılı deyil. Məsələn, subsidiyanın son məhsula görə verilməsi mexanizmi tətbiq edilə bilər. Lakin bu mexanizmi tətbiq etmək texniki cəhətdən xeyli çətindir. Ona görə də hələlik hökumət hər hektara görə subsidiyalaşma mexanizmini tətbiq edir. Bu mexanizmi icra etmək və nəzarət mexanizmi qurmaq asandır. Ona görə, hökumət hələlik bu mexanizm üzərində dayanır. Amma zaman subsidiyalaşma mexanizminin dəyişməyi tələb edir. Çünki, bütün növ bitkilərə görə hər hektara 40 manat verilməsi effektiv deyil. Ölkənin ciddi ehtiyacı olan və izafi istehsal olunan məhsulları var. Heç bunların ikisini subsidiyalaşdırmaq məntiqlə də düz deyil. Elə bitkilər var ki, onların subsidiyalaşmasından imtina etmək olar. Bəzilərinin isə subsidiyalaşdırılmasını arıtmaq lazımdır. Dünyada bunun üçün müxtəlif mexanizmlər var. Məsələn, məhsula tavan qiyməti qoyulur. Məhsulun qiyməti ondan yuxarı olursa, fermer satır. Aşağı olarsa, dövlət onu tədarük edir. Bu mexanizmi işlətsək, kənd təsərrüfatının subsidiyalaşma mexanizmi də dəyişər. Yaxud da buğda istehsalını subsisiyalaşdırmaq istəyiriksə, fermerləri elavatorlarla əlaqələndirmək olar. Fermer elavatora satdığı hər ton məhsula görə dövlətdən əlavə subsidiya ala bilər".


Vüqar Bayramov: "İndiki meyar sadə olması ilə yanaşı, fermerlərdə məhsul istehsalını artırmağa stimul yaratmır"



İqtisadçı - ekspert Vüqar Bayramov bildirir ki, hazırda ölkəmizdə strateji olmayan məhsullar istesal edən fermerlərə hər hektarına 40, strateji məhsul istehsal edən fermer təsərrüfatının hər hektarına isə 80 manat ödənilir: "Bu prinsip kifayət qədər sadədir. Yəni, subsidiyaların verilməsi meyarlarının dəyişdirilməsinə ehtiyac var. İndiki meyar sadə olması ilə yanaşı, fermerlərdə məhsul istehsalını artırmağa stimull yaratmır. Yəni, fermerin hansı həcmdə, yaxuda da hansı məhsul istehsal etməsindən asılı olmayaraq, bütün hallarda həmin subsidiyanı alır. Amma bu, belə olmamalıdır. Bu üsul daha çox zəhmət tələb edən ərzaq məhsullarının yetişdirilməsində əlavə subsidiyaların alınmasına imkan yaratmır. O baxımdan subsidiyaların əkin sahələri üzrə hektarlara bölünməməsi vacibdir".

Ekspert hesab edir ki, subsidiya verilməsi mexanizmində ABŞ və Avropa praktikasından istifadə edilməlidir: "Yəni, subsidiyaların məbləği istehsal olunan məhsulun həcminə uyğunlaşdırılmalı, daha çox məhsul istehsal edən fermer dövlətdən daha çox subsidiya almalıdır. Az istehsal edən fermer isə az subsidiya almalıdır. Bu da fermerlərin daha çox məhsul istehsal etməsini stimullaşdırır".

Xatırladaq ki, Azərbaycanda aqrar sektora verilən subsidiyalar hazırda strateji və adi məhsullar üzrə qruplaşdırılır. Burada strateji məhsullar üzrə subsidiyaların həcmi adi məhsullar üzrə verilən subsidiyaların həcmindən 2 dəfəyə qədər çoxdur. Strateji olmayan məhsullar istesal edən fermer təsərrüfatlarının hər hektarına 40, strateji məhsul istehsal edən fermer təsərrüfatının hər hektarına isə 80 manat ödənilir.