Avropa İttifaqı Qarabağ münaqişəsinin həllini üzərinə götürür

24 Oktyabr 2014 08:28 (UTC+04:00)

Son dövrlərdə Qərb MDB məkanında dondurulmuş münaqişələrin həllində xüsusi fəallıq göstərməyə başlayıb. Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştaynmayerin də regiona səfəri fonunda isə Dağlıq Qarabağ münaqişəsi diqqət mərkəzində olub. "Deutsche Welle" radiosi bildirir ki, Frank-Valter Ştaynmayerin səfər Avropa İttifaqının hətta Ukraynadakı böhran qarşısında belə "Şərq Tərəfdaşlığı" ölkələrinin problemlərini diqqətdən qaçırmadığını göstərir.

Almaniyadan başqa, Avropa İttifaqının digər əsas ölkəsi Fransa da bu ay Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə görüşünü təşkil edəcək. Bütün bunlar artıq Avropa İttifaqının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fəal mövqe sərgiləməyə başladığını göstərir.

Politoloq Rasim Ağayev bildirdi ki, bunu müxtəlif aspektdən dəyərləndirmək olar: "İlk növbədə nəzərə alaq ki, Avropa İttifaqı get-gedə postsovet məkanında özünəməxsus rol oyanamağ başlayıb. Ukrayna hadisələri zamanı Qərb–Rusiya əlaqələrində Almaniya kansleri Angela Merkelin xüsusi rolu oldu. Almaniya Azərbaycan ilə də xüsusi əlaqələr yaratmaq istəyir. Gizli deyil ki, Fransanın hakimiyyətdə kimin olmasından asılı olmayaraq, Ermənistan ilə xüsusi əlaqələri var. Belə bir xüsusi əlaqələri Almaniya Azərbaycan ilə də yarada bilər. Avropa üçün enerji resursları baxımından Azərbaycanın əhəmiyyəti çox böyükdür. Qərb ilə Rusiyanın indiki münasibətləri fonunda Azərbaycan çox əhəmiyyətli rol oynaya bilər. Azərbaycanın Qərb ilə də, Rusiya ilə də sıx əlaqələri var".

Politoloq bildirdi ki, Azərbaycanın postsovet məkanında gedən proseslərə mövqeyi, Avropaya, Ukraynaya qaz məsələsində köməyi Almaniya üçün vacibdir: "Bildiyimiz kimi, Ukraynanın Rusiya ilə qaz ətrafında apardıqları danışıqlar bitməyib. Ukrayna hazırda pis vəziyyətdədir. Qış gəlir, ancaq qaz və pulu yoxdur. Rusiya prezidenti Vladimir Putin bu məsələdə Rusiyanın Ukraynaya kömək edə biləcəyini deyib. Qazın qiymətini, ödəmə formasını dəyişə biləcəyini söyləyib. Amma onu da qeyd edib ki, Ukrayna Avropaya can atır: "Ona görə Avropa da qaz məsələsində Ukraynaya köməklik etməlidir". Odur ki, qaz məsələsində Avropa Azərbaycan ilə hansısa işlər görə bilər. Bu kontekstdə Almaniyanın sözü Qarabağ məsələsində çox keçərli ola bilər. Azərbaycan isə yaranmış vəziyyətdən Qarabağ məsələsinin həllində istifadə edə bilər. Çox güman ki, Almaniya bu məsələlərdə Azərbaycan tərəfindən müsbət cavab alacaq".

Siyasi Araşdırmalar İnstitunun əməkdaşı, politoloq Ərəstun Baxşəliyev bildirdi ki, artıq dünya mediasında Rusiya tərəfindən Qarabağ məsələsinin həll olunması ilə bağlı razılığın olduğu barədə məlumatlar yer alır: "İddialr var ki, rəsmi Moskva problemin "Madrid prinsipi" ilə həll olunması varinatını irəli sürür. Proseslər göstərir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı həqiqətən hansısa proses baş verməkdədir. Prosesin gizli tərəflərini ictimaiyyət o qədər də bilmir. İctimaiyyəti düşündürəcək əsas məsələ isə problemin həll oluna bilməsidir. Biz həmişə belə tendensiyanı görmüşük ki, Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa tərəf önə çıxanda digər tərəf də maksimum dərəcədə özünün fəallığını artırmağa çalışıb. Yəni, Dağlıq Qarabağ münaqişəsinin həllində özünün həll varinatını ortaya atır. Bu kontekstdə Rusiyanın münaqişənin həllində aktivliyini görən Qərb dövlətləri hansısa işə yaraya biləcəklərini göstərməyə çalışırlar. Amma bütün bunlara baxmayaraq, əsas məsələ Ermənistanın konstruktiv mövqeyə gəlməsidir. Lakin o da faktdır ki, Ukrayna hadisələri təbii olaraq Dağlıq Qarabağ münaqişəsinin həllinə öz təsiri göstərəcək".