Aqrar sahənin dərinləşən ixtisaslı kadr problemi

24 Oktyabr 2014 08:41 (UTC+04:00)

Azərbaycanda kənd təsərrüfatı sahəsində ixtisaslı kadr məsələsi hələ ki, problem olaraq qalır. Belə kadrların təcrübəsinə isə hazırda fermerlərin böyük ehtiyacı var. Hesab edilir ki, kənd təsərrüfatında daha böyük inkişafa və məhsulun həcminin artımına nail olmaq üçün kadr problemi mütləq həllini tapmalı və bunun üçün stimullaşdırıcı addımlar atılmalıdır.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov düşünür ki, kənd təsərrüfatında kadr probleminin həlli üçün böyük təsərrüfatların yaradılması vacibdir: "Kənd təsərrüfatında kadr problemi ciddi məsələdir. Bu problemin həlli ona ciddi diqqətin olmasını tələb edir. Uzun zamandır ki, bu sahəyə demək olar ki, fikir verilməyib, diqqət ayrılmayıb. Bilirsiniz ki, hələ sovet dönəmində də kənd təsərrüfatı mütəxəssisi olmaq istəyənlər əsasən ən zəif təhsil alan şagirdlər olurdu. Çünki, daha yaxşı oxuyanlar hüququ, jurnalistikanı, həkimlik peşəsini seçirdilər. Kənd təsərrüfatı sahəsi mürəkkəb olduğu, ora daha hazırlıqlı insanlar tələb olunduğu halda, ora üz tutanlar daha zəif oxuyan uşaqlar olub. Düzdür, onların arasında bacarıqlı gənclər də olub. Amma əksəriyyət dediyim kimi, orta məktəbdə zəif oxuyanlardan ibarət idi. Beləcə tədricən, kənd təsərrüfatı mütəxəssisləri hazırlayan müəssisələrdə təhsilin səviyyəsi də aşağı düşdü. Bu da ondan irəli gəlirdi ki, zəif təhsil alan şagirdlərin bir hissəsi sonradan həmin institutda müəllim yerini tutdu. Onların da yetişdirdiyi tələbə də bu fonda keyfiyyətli bilgiyə sahib ola bilmədi. Hazırda isə vəziyyət elədir ki, bu kadrlara uzun müddətdir ehtiyac yaranmayıb. Yerlərdə böyük təsərrüfatlar olmadığından, fermerlərin də maliyyə vəsaitləri kifayət etmədiyindən, onlar bu sahənin mütəxəssislərini tələb etmir, istifadə etmirlər. Bəzi böyük fermer təsərrüfatları mütəxəssis cəlb etsə də, onları xaricdən, xüsusən yüksək əmək haqqı müqabilində Türkiyədən cəlb edirlər. Yəni ölkədə tələb olmadığı halda bu sahədə kadr hazırlığı da zəifləyir. Düzdür, son zamanlar bu sahəyə fikir verməyə başlayıblar. Hətta ingilis dilini bilən kənd təsərrüfatı kadrları hazırlayırlar. Həm də onların daha müasir tələblərə uyğun bilgilərinin artırılması istiqamətində işlər görülür. Müvafiq institutun maddi-texniki bazası yaxşılaşdırılır. Ancaq yenə də orada hazırlanan tələbələrin səviyyəsini tam qəanətbəxş saymaq olmaz. Əlbəttə, söhbət heç də hamısından getmir. Aqrar akademiyada kifayət qədər sanballı, bilgili müəllim, həm də yaxşı təhsil alan tələbələr var. Lakin sayları azdır. Bu da tələbin olmamasından irəli gəlir. Tələb olarsa, sözsüz ki, kadrların hazırlanmasına da xüsusi diqqət yetirilər. Problem həm də bu sahə üzrə peşə məktəblərinin olmamasındadır. Aqronomlarla birgə çalışıb, onların tövsiyələrini həyata keçirəcək peşəkarlar da yoxdur. Aqronom varsa, orada yaxşı bağban da olmalıdır. Yəni aqronomun elmin son nailiyyətlərə uyğun olaraq hansı tədbirlər həyata keçirilməsini o bağbana tövsiyə etməlidir. Bağban da bilgili, səriştəli olmalıdır ki, işin öhdəsindən gələ bilsin. Aqronomun özünün də müasir bilgiləri əldə etməsi üçün elmi institutlar, işin daha dərindən öyrənilməsilə məşğul olan akademik tədqiqat institutlar olmalıdır. Onların ortaya qoyduğu məhsul aqronomun inkişafında əsas rol oynamalıdır. Yəni, proses bir-birindən asılıdır, onlar əlaqəli işləməlidirlər. Bir tərəfdən də elm inkişaf edərək, müasir tələblərə cavab verməlidir, onlar texnologiya, toxumçuluq, heyvandarlıqda yeni cinslərin yaradılması ilə bağlı yeniliklər tətbiq etməlidir. Belə olanda orta məktəb şagirdlərinin də həmin sahəyə marağı olacaq. Ən başlıcası, hazırlanan kadrlar tələb olunacaq. Onlar yüksək əmək haqqı ala biləcək. Kənd Təsərrüfatı Nazirliyi, onun nəzdindəki institutlar, yerlərdə sahəyə cavabdeh olan kadrlar da birgə çalışıb sahənin inkişafına töhfə verməlidirlər. Bu sahənin aqronom, entamoloq, zootexnik, baytar həkim kadrlarında maraqlı olması üçün başlıca amil kənd təsərrüfatının inkişafından keçir. İri kooperativlər yaradılmalı, onlar gəlirli işləməlidir ki, mütəxəssisləri cəlb edə bilsin. Fermer təsərrüfatları isə kiçik olduğundan, aqrar sahəyə qulluq yollarını özləri internet vasitəsilə, ordan-burdan soruşmaqla əldə edirlər. Onların tətbiq etdiyi texnologiya da primitivdir, yaxşı nəticə əldə edə bilmirlər. Bunun üçün də mütəxəssisə ehtiyac var. Lakin fermer mütəxəssisə əmək haqqı ödəməyə,onun sosial yükünü öz üzərinə götürə bilmir. Bu da gəlirlərinin az olmasından irəli gəlir. Mütəxəssislərə tələbatın artması, bu sahədəki kadr probleminin həlli üçün öncə böyük təsərrüfatların yaradılmasına başlanılmalı, onlar gəlirlə işləməlidir. Habelə, onların ixrac qabiliyyətli olmaları vacibdir. Bu halda ora mütəxəssis də cəlb etmək asan olacaq. Yəni, həmin sahə inkişaf etdirilmədən, kadrın əmək haqqısının artırılmasının fermerə heç bir faydası yoxdur. Tendensiya elə qurulub ki, onlar bir-birindən asılıdır. Belə olarsa, kənd təsərrüfatında kadr məsələsi də öz həllini tapacaq".