Azərbaycan, İran və Rusiya dəmiryol idarələri
rəhbərlərinin üçtərəfli görüşü keçirilib və görüşdə
Qəzvin-Rəşt-Astara (İran) - Astara (Azərbaycan) dəmiryolunun
tikintisinin tezləşdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.
Bunu Trend-ə İranın yol və şəhərsalma nazirinin müavini və Dəmiryol
İdarəsinin baş direktoru Möhsün Purseyid Ağayi deyib.
M.Purseyid Ağayi dəmiryolun İranda Qəzvindən Rəştə qədər olan
hissəsinin tikintisinin 2015-ci ilədək başa çatacağını bildirib:
"Qəzvin-Rəşt dəmiryolunun tikintisində dəmiryol örtüyünün
hazırlanması işləri başa çatıb. Dəmiryolun bəzi hissələrində
relslər artıq quraşdırılıb və yolun qalan hissələrində də tezliklə
rels quraşdırılacaq".
İran rəsmisi qeyd edib ki, üçtərəfli görüşdə İran və Rusiyanın
Rəşt-Astara (İran) dəmiryolunun tikintisini birgə həyata
keçirmələri barədə razılıq əldə olunub: "Tikinti işləri Rusiya
tərəfinin maliyyə vəsaiti ilə İran və Rusiya arasında əldə olunmuş
razılıqlar əsasında həyata keçiriləcək".
Nazir müavini Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu
körpüsünün Azərbaycan tərəfinin maliyyə vəsaiti ilə tikiləcəyini
deyib: "Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu körpüsünün
inşası, eləcə də Azərbaycan daxilində 8 kilometrlik dəmiryol
xəttinin çəkilməsini Azərbaycan həyata keçirəcək və
maliyyələşdirəcək".
M.Purseyid Ağayi bildirib ki, Azərbaycan tərəfi artıq
dəmiryol körpüsü və 8 kilometrlik dəmiryol xəttinin çəkilməsi üçün
maliyyə ayrılması və tikintini həyata keçirməsi ilə bağlı
razılığını bildirib.
O, Astara (İran) - Astara (Azərbaycan) dəmiryolu körpüsünün
inşasına cari ilin sonunadək (İranda il martın 21-də başlayır)
başlanılacağını deyib.