İnsan hüquqlarının qorunmasında növbəti nailiyyətə imza atıldı

25 Oktyabr 2014 08:31 (UTC+04:00)

Azərbaycanda İnsan Haqları üzrə İşçi Qrupunun fəaliyyətinin bərpa edilməsi siyasi və hüquqi gündəmin ən çox diqqət cəlb edən mövzudarından birinə çevrilib. Xatırladaq ki,bir neçə gün əvvəl işçi qrupunun baş tutmuş iclasında təşkilati məsələlər müzakirə edilib və qrupun həmsədrləri və katibləri seçilib. Qrupun həmsədrləri Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov və Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, katibliyə isə hüquq müdafiəçiləri Səadət Bənənyarlı və Sahib Məmmədov seçiliblər. Həmçinin qrupun adı dəyişdirilərək İnsan Hüquqları üzrə Birləşmiş Qrup adlanıb.

Qeyd edək ki, 2005-2008-ci illərdə fəaliyyət göstərmiş, Azərbaycan vətəndaş cəmiyyətinin və hakimiyyətinin nümayəndələrindən ibarət birgə işçi qrupu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın təşəbbüsü ilə fəaliyyətini bərpa edib. Bütün bunlar isə o deməkdir ki, insan haqları ilə bağlı məsələnin elə ölkə daxilində daha effektiv həlli həyata keçriləcək.

İnsan Hüquqları XXI Əsr Fondunun sədri Şahin Camalov məsələ ilə bağlı "Mövqe"yə bildirdi ki, Azərbaycanda insan hüquqları məsələsi uzun illərdir, bir sıra xarici ölkələrin haqsız tənqidinə məruz qalırdı: "Baxmayaraq ki, Azərbaycan yeni müstəqil dövlətdir. Dağlıq Qarabağ kimi böyük problemi var. Ölkəsinin böyük ərazisi işğal altındadır. Rusiya, Ermənistan və İran kimi ölkələrlə həmsərhəddir. Ancaq bu qədər ciddi problemlərlə yanaşı, Azərbaycanda insan hüquqları problemini qabartmaq istəyən xarici dövlətlər, beynəlxalq təşkilatlar mövcud idi. Azərbaycan uzun illərdir, bu məsələ ilə məşğul idi. Ölkədə bu problemlərin həll olunmasını istəməyən insanların təzyiqi nəticəsində Avropa Şurası insan hüquqları məsələsində Azərbaycanın daxili işlərinə müdaxilə etdi. O dövrdən sonra Azərbaycanda İnsan Haqları üzrə İşçi Qrupu fəaliyyətini dayandırmışdı. Ancaq biz dəfələrlə çıxışlarımızda, hesabatlarımızda Azərbaycanda insan hüquqları problemi Azərbaycanın daxili problemi olduğunu bildirmişik. Bir dövlət, vətəndaş cəmiyyəti olaraq da özümüz bu problemi həll etmək imkanına malikik. Amma təəssüflər olsun ki, uzun müddət Avropa Şurası insan hüquqları, əsasən də siyasi məhbuslarla bağlı məruzəçi təyin edirdi. Yəni, daxili işlərimizə ciddi müdaxilələr olurdu. Amma nəticədə nəyəsə nail olunmadı. Keçən 6 il müddət ərzində Avropa Şurası bu məsələ ilə məşğul idi. Lakin artıq Avropa çox gözəl anladı ki, Azərbaycan öz problemləri ilə özü məşğul ola bilər.

Azərbaycan 15 il əvvəlki Azərbaycan deyil. İnsan hüquqları da daxil olmaqla artıq bütün sahələrdə ciddi irəliləyişlərimiz var. Sadəcə, Azərbaycanın inkişafını görmək istəməyənlər dövlətlər, beynəxalq təşkilatlar bu məsələdə süni problemlər yaradırdılar. Avropa Şurasının təyin etdiyi məruzəçilər Azərbaycanda insan hüquqları problemini süni şəkildə qabardırdılar. AŞ-da, hətta dünyada belə mövcud olmayan kriteriyalar əsasında Azərabaycanda insan hüquqları sahəsində problemlərin olduğunu bildirirdilər. Amma indi aydın oldu ki, sadəcə, Azərbaycan üçün həmin "kriteriyalar"la bu işi həll etmək olmaz. Odur ki, işçi qrup təkrar fəaliyyətə başlayıb. Elə mən özüm bu işçi qrupun fəaliyyətində iştirak etməkdən çox məmnun olaram. Bu fəaliyyətdə dövlətə dəstək verib, həm vətəndaş cəmiyyətinin inkişafında, həm də insan hüquqları problemlərinin tamamilə həll olunması istiqamətində dəstək verməyə hazırıq".

Şahin Camalov əlavə etdi ki, sözügedən qrupunun fəaliyyəti baş verən prosesləri düzgün qiymətləndirsə, xarici təzyiqlər müəyyən qədər səngiməlidir: "Amma Avropanın Azərbaycana təzyiqlərinin əsasında əslində, insan hüquqları problemi durmurdu. Sadəcə, Azərbaycana təzyiq etmək, ölkənin inkişafına mane olmaq ambissiyaları durur. Bu işçi qrupunun yaradılması tamamilə də olmasa, müəyyən qədər həmin ittihamları azalda biləcək".