19 İyul 2012 20:46 (UTC+04:00)
Azərbaycanda zöhrəvi
xəstəliklərə yoluxmuş şəxslər müalicədən boyun qaçırmağa görə
cərimələr tətbiq edilib.
"APA-ECONOMICS"in məlumatına
görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
bununla bağlı müvafiq dəyişikliklər olub. Dövlət başçısının
təsdiqlədiyi dəyişikliklərə əsasən Məcəlləyə sağlamlıq əleyhinə
olan inzibati xətalara həsr olunmuş yeni maddələr əlavə edilib.
Bu maddələrə əsasən zöhrəvi xəstəliklərə yoluxmuş şəxslər
müalicədən boyun qaçırsa cərimələnəcəklər. Maddədə qeyd olunur ki,
zöhrəvi xəstəliklərə yoluxduğu barədə kifayət qədər məlumat olan
şəxslərin səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən sonra
da müalicədən boyun qaçırmasına görə cərimə 100-150 manat təşkil
edəcək.
Bundan başqa, zöhrəvi xəstəliklərə və ya immun çatışmazlığı
virusuna yoluxmuş şəxslə əlaqədə olmuş şəxslərin müayinədən boyun
qaçırması da cərimələnmə ilə nəticələnəcək. Məcəlləyə əsasən,
zöhrəvi xəstəliklərə və ya insanın immun çatışmazlığı virusuna
yoluxmuş şəxslə əlaqədə olmuş və müayinəyə ehtiyacı olan şəxslərin
müayinədən səhiyyə orqanları tərəfindən xəbərdarlıq edildikdən
sonra da boyun qaçırmasına görə cərimə 80-120 manat təşkil
edəcək.
Məcəlləyə dəyişikliklərə görə, zöhrəvi xəstəliklərə və ya insanın
immun çatışmazlığı virusuna yoluxma mənbəyinin gizlədilməsi də
cərimə ilə nəticələnəcək. Belə ki, zöhrəvi xəstəliyi olan şəxslər
tərəfindən yoluxma mənbəyinin, habelə onlarla əlaqədə olub zöhrəvi
xəstəliklərə yoluxma təhlükəsi yaradan şəxslərin adlarının
gizlədilməsinə görə cərimə 100-200 manat, insanın immun
çatışmazlığı virusuna yoluxmuş şəxslər tərəfindən yoluxma
mənbəyinin, habelə onlarla əlaqədə olub insanın immun çatışmazlığı
virusuna yoluxma təhlükəsi yaradan şəxslərin adlarının
gizlədilməsinə görə isə cərimə 200-400 manat təşkil edəcək.
Məcəlləyə daxil edilən yeni maddələrdə qan köçürmə zamanı yol
verilən pozuntulara görə də cərimələr nəzərdə tutulur. Belə ki,
donor olmaq və qan vermək istəyən şəxs əvvəllər keçirdiyi və
hazırkı xəstəlikləri, həmçinin narkotik vasitələr və psixotrop
maddələr qəbul edib-etməməsi barədə düzgün məlumat verməsə, 30-35
manat cərimə ediləcək.
Tibbi müayinə keçirilmədən donordan qanın, qan komponentlərinin
götürülməsinə görə cərimə isə fiziki şəxslər üçün 35-40 manat,
vəzifəli şəxslər üçün 40-65 manat, hüquqi şəxslər üçün isə 100-150
manat nəzərdə tutulub.