9 ayda Ermənistanı daha 113 min nəfər tərk edib

25 Oktyabr 2014 12:03 (UTC+04:00)
Ermənistan parlamentinin deputatı, müxalifətdəki Erməni Milli Konqresinin üzvü Aram Manukyan ölkəni tərk edənlərin sayının artmasından narahatlığını bildirib. Movqe.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, parlementin brifinq zalında jurnalistlərin qarşısına çıxan Manukyan hər il ölkəni 110-120 min insanın tərk etdiyini və buna görə Sərkisyan hakimiyyətinin günahkar olduğunu deyib: "Ermənistan ciddi təhlükə ilə - mühacirətlə üzləşib. Bunda günahkar indiki ölkə rəhbərliyidir".
Manukyan bildirib ki, bu ilin 9 ayında ölkəni 113 min insan tərk edib. Deputatın fikrincə, onların 60 mini daimi əsasda ölkədən gedənlərdir.
Erməni Milli Konqresinin üzvü sadə xalqın Sərksiyan hakimiyyətinin dəyişməsini arzuladığını vurğulayıb: "Xalq arasında elə insan yoxdur ki, hakimiyyətin dəyişməsini istəməsin. Bunu yalnız dövlət orqanlarında vəzifəsi olan şəxslər istəmir".
BMT hesabatlarında 3 milyon əhalisi olan Ermənistan yüksək mühacirət, aşağı doğum faizi və bu səbəblərdən əhali tərkibinin sürətlə qocaldığı ölkələr sırasındadır.