Movqe.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Məhərrəm ayı ilə bağlı fətvasında bildirilir ki, hicri-qəməri təqvimi ilə 1435-ci il başa çatır.
Qazılar Şurası nəzərə çatdırır ki, yeni hicri 1436-cı ilin
başlanğıcı - Məhərrəm ayının 1-i miladi təqvimi ilə 2014-cü il
oktyabr ayının 26-na təsadüf edir: "Məhərrəm ayı hicri-qəməri
ilinin ayları arasında müqəddəs aylardan biridir. Bu ay Həzrət
Peyğəmbərin buyurduğu kimi, müharibələrin qadağan olunduğu aylardan
biri olmasına baxmayaraq, Aşura günü İslam tarixinə İmam Hüseyn
əleyhissəlam və Əhli-Beyt tərəfdarlarının haqq uğrunda şəhadətə
yetişdiyi gün kimi daxil olub. Müsəlman ümmətinin tarixinə kədərli,
lakin eyni zamanda insanlara qürur bəxş edən bir məqam kimi daxil
olmuş Kərbəla faciəsinin nəsillərin yaddaşında yaşaması, İmam
Hüseyn əleyhissəlamın həyat və mübarizəsinin yad edilməsi olduqca
böyük əhəmiyyət kəsb edir. Belə ki, İmam Hüseyn əleyhissəlamın
əzadarlığı, dinin saflığı uğrunda mübarizəsinin yad edilməsi
bədbinlik əhval-ruhiyyəsinin təlqini deyil, Vətən, iman sevgisi,
əqidəyə sadiqlik uğrunda səfərbər olmanın, torpağa bağlılığın,
işğal olunmuş ərazilərin azad edilməsi uğrunda fədakarlıq və
dəyanətə çağırışın təcəssümüdür. Məhərrəm ayının 10-u - Aşura günü
2014-cü il noyabr ayının 4-nə təsadüf edir. Bu münasibətlə bütün
dindarlara dərin hüznlə başsağlığı verir, onlara Allah-Təaladan
səbr, məğfirət diləyir və İmam Hüseyn əleyhissəlamın əzadarlığının
İmamın şəninə layiq şəkildə keçirilməsini tövsiyə edirik. Aşura
mərasimləri məscidlərdə, ibadət ocaqlarında, habelə icazəli şəkildə
ayrılmış xüsusi məkanlarda ictimai asayiş qaydalarına riayət
olunmaqla keçirilməlidir. Kütləvi yürüşlər yalnız müvafiq dövlət
qurumlarının icazəsi olmaqla təşkil oluna bilər.
Təziyə məclislərində Kərbəla şəhidlərinin şəninə xütbələr oxunmalı,
Vətənimiz uğrunda şəhid olanların əziz xatirəsi yad edilməlidir.
Təziyə keçirilən məkanlarda nizam-intizam gözlənilməlidir.
Qurşağadək soyunaraq zəncir, sinə vurmaqla qan çıxarmaq şəriətə
uyğun deyil və qınağa səbəb olur. Əzadarlar özlərinə xəsarət
yetirməməlidirlər. Son illər təziyə günlərində Qafqaz Müsəlmanları
İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir
edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan
verilməsi aksiyalarının təşkili ən münasib əzadarlıq nümunəsidir və
bu örnək din xadimləri tərəfindən təbliğ edilməlidir. Ümidvarıq ki,
inşallah, dindarlarımız İmam Hüseyn (ə) təziyədarlığı zamanı bu
humanist ənənəni davam etdirəcəklər. Din xadimlərimiz moizələrində
Kərbəla hadisələri ilə bağlı tarixi həqiqətləri, Kərbəla
şəhidliyinin mahiyyətini çatdırmaqla bərabər, torpaqlarımızın
bütövlüyü uğrunda canlarından keçən, o cümlədən Qarabağ, Xocalı
şəhidlərinin fədakarlıq nümunəsini təlqin etməlidirlər.
Dindarlarımız ölkəmizin gün-gündən bölgədə və dünya miqyasında
artan nüfuzunu, din-dövlət münasibətlərinin yüksək səviyyəsini Uca
Allahın Lütfü kimi dəyərləndirirlər. Onlar bünövrəsi ulu öndər
Heydər Əliyev tərəfindən qoyulmuş və dövlət başçımız İlham Əliyev
tərəfindən inkişaf etdirilən milli-mənəvi, dini dəyərlərə,
multikulturalizm ideyalarına ehtiram və qayğının davamlı olması
üçün dualarını əsirgəmirlər. Din xadimlərimiz moizələrində
dindarları Allaha xoş gedən bu səyləri daha artıq dəyərləndirməyə,
Vətən təəssübünü, milli və dövləti mənafelərimizi uca tutmağa
çağırmalıdırlar. Vəs-səlamu əleykum və rəhmətullahi və
bərəkatuhu!"