Qış vaxtına keçdik
26 Oktyabr 2014 10:07 (UTC+04:00)
Movqe.Az bildirir ki, artıq Azərbaycanda yay vaxtı ləğv edildi və
qış vaxtına keçildi.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "Azərbaycan
Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" 17
mart 1997-ci il tarixli, 21 nömrəli qərarına əsasən, hər il mart
ayının son bazar günü əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay
vaxtına keçilir.
Movqe.Az Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsinə istinadən bildirir ki, hər il oktyabr ayının son bazar
günü isə əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv
edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət
Komitəsi həyata keçirir.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi
bildirir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, 26
oktyabr 2014-cü il tarixində saat 5.00-da respublika ərazisində
saatlar 1 saat geri çəkilməklə yay vaxtı ləğv ediləcəkdir.