Movqe.az xəbər verir ki , Fövqəladə Hallar Nazirliyinin (FHN)
mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhəri,
Yasamal rayonunda "Lada" markalı minik avtomobili yol kənarındakı
işıq dirəyinə çırpılıb.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri
hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti
qiymətləndirilərkən məlum olub ki, "Lada" markalı minik
avtomobilinin sürücüsü xəsarət alıb və deformasiyaya uğramış
avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi
alət və avadanlıqlar vasitəsilə yaralını avtomobildən çıxarıb və
hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının
əməkdaşlarına təhvil veriblər.