Beş gün vaxt verildi
27 Oktyabr 2014 16:28 (UTC+04:00)
Azərbaycanda hüquqi yardım almaq üçün inzibati
orqana müraciət edən və imtina cavabı alan şəxs bununla bağlı
yuxarı inzibatı orqana müraciət etdikdə həmin qurum bu məsələyə 5
gün ərzində baxmalıdır.
Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu,
Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən parlamentə daxil
olmuş "İnzibati icraat haqqında" qanuna dəyişikliklər edilməsi
barədə qanun layihəsində qeyd edilib.
Layihədə inzibati orqanlar arasında qarşılıqlı
hüquqi yardımın müddəti müəyyən edilib.
Layihəyə görə, inzibati orqan bəzi hallar istisna
olmaqla (qanunun 71 və 7.2-ci maddələri) müraciət daxil olduğu
gündən 15 gün müddətində hüquqi yardımın göstərilməsini təmin
etməlidir. Hüquqi yardımın göstərilməsi üçün daha artıq müddət
tələb olunduqda həmin vaxt 15 gün də uzadıla
bilər.
Layihədə o da qeyd olunur ki, inzibati icraat
zamanı iş üzrə faktiki hallarla bağlı sualları izah etmək üçün
inzibati orqan ekspert və ya mütəxəssis cəlb edə bilər. Mütəxəssis
inzibati orqana zəruri kömək göstərilməsi üçün elm, texnika,
incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malık
olmalıdır. Lakin mütəxəssisin ifadə etdiyi fikir ekspert rəyini
əvəz etməyəcək.
Qeyd edək ki, layihə Milli Məclisin payız
sessiyasında müzakirəyə çıxarılacaq.