İcarə və kirayə qiymətlərinə məhdudiyyətlər tətbiq ediləcək?!

28 Oktyabr 2014 09:14 (UTC+04:00)

Hazırda Azərbaycan daşınmaz əmlak bazarında icarə və kirayə qiymətləri sabit olsa da, zaman-zaman qiymətlərin artması müşahidə edilir. Misal üçün deyə bilərik ki, cari ilin yay fəslində Bakıətrafı ərazilərdə 10 min manata qədər kirayə haqqı ola mənzillər var idi. Qeyri-yaşayış sahələrində isə bəzən bu rəqəm daha böyük hədlə ifadə olunur. Belə ki, hazırda şəhərimizdə şəraitindən, yerindən, sahəsindən asılı olaraq icarə qiyməti 30 min manata qədər icarə haqqı olan qeyri-yaşayış sahələri mövcuddur. Problemin digər tərəfi odur ki, icarə müqavilələri olsa da, kirayə müqavilələri demək olar ki, yox səviyyəsinədir. Bu isə ilk növbədə vergidən yayınmağa şərait yaradan amildir.

Digər diqqət çəkən məqam isə kirayə qiymətlərində olan qiymət artımının bir daha aşağı enməməsidir. Qiymətlərin yüksəlməsi isə vaxtaşırı özünü göstərir və bəzən bunun heç bir iqtisadi əsası olmur. Belə bir vaxtda eyni durumla üzləşən bir sıra xarici ölkələr vəziyyətdən çıxış yolu kimi qiymət artımına məhdudiyyətlər tətbiq etməyə hazırlaşır. Məsələn, Fransa hökuməti oxşar problemlə mübarizədə tavan qiymətləri tətbiq etmək niyyətindədir. Burada aparılan araşdırmalar göstərir ki, hər beşinci icarəçi gəlirinin 40 faizini məhz icarəyə xərcləməli olur. Bu səbəbdən ilk oolaraq Parisdə, daha sonra isə digər şəhərlərdə icarə xərclərinin həcminə məhdudiyyətlər tətbiq edilməsi üçün iş aparılır.

Azərbaycanda da analoji təcrübənin tətbiqinə ekspertlərin baxışı fərqlidir. Daşınmaz əmlak məsələləri üzrə müstəqil ekspert Ramil Osmanlı hesab edir ki, Avropada bu üsulu tətbiq etmək olar: "Çünki, Avropada kirayə bazarında təklifin müəyyən bir hissəsi sosial mənzil fondunun üzərinə düşür. Azərbaycanda isə belə bir fond olmadığına görə, mənzil bazarındakı kirayəni bilvasitə konkret şəxsi mülkiyyətdə olan mənzillər təşkil edir. Ona görə də ölkəmizdə bu üsuldan istifadə edilsə, bu, şəxsi mülkiyyətə qiymət qoymaq anlamına gəlir. Bu da qəbulolunmaz məsələdir. Mənzillərlə bərabər, digər əmlak subyektlərinin də əksəriyyəti şəxsi mülkiyyətdir. Hazırda Azərbaycanda dövlət əmlakının icarəyə verilməsi çox az hallarda rast gəlinir. Çünki, Azərbaycanda özəlləşmə proqramı çərçivəsində dövlət əmlakının böyük hissəsi özəlləşdirilib. Burada qiymət dəyişikliyi və dövlətin inzibati qaydada nəzarəti hansısa formada bazara təsir göstərmir. O baxımdan birinci halda məsələ mülkiyyət hüquqlarının pozulması kimi qiymətləndirilə bilər. İkinci halın isə mümükün olma ehtimalı Azərbaycanda sosial mənzil fondunun yaradılmasından sonra baş verə bilər".

İcarə və kirayə qiymətlərinin davamlı olaraq artmaması üçün ekspert bildirdi ki, Azərbaycanda sosial mənzil fondu yaradılmalıdır: "Bu mənzil fondu heç olmasa, Azərbaycanda mövcud kirayə bazarının 30%-nə yaxını əhatə etməlidir. Əks halda qiymət artımının qarşısını almaq mümkün olmayacaq. Ümumiyətlə, inzibati resurslarla bazara nəzarət etmək bazar iqtisadiyyatında çox mənfi hallarla müşahidə olunur. Ona görə də inzibati qaydada bazara nəzarət etməkdənsə, potensial imkanları təhlil edib, bu istiqamətdə fəaliyyət göstərmək daha düzgün olardı".

"Mülk" İctimai Assosasiyasının rəhbəri Dilarə Vəliyeva isə bildirdi ki, Azərbaycada kirayə haqqı, əmlakla bağlı vergilər digər ölkələrlə müqayisədə çox aşağıdır: "Artıq Milli Məclis təmsilçiləri gələn il kommunal xərclərin qalxmayacağıın bildirdi. Belə olan təqdirdə hansısa daşınmaz əmlakın vergisində, icarə, kirayə qiymətlərində artımların olacağından söhbət gedə bilməz. Eyni zamanda şəhərdə gedən söküntü işləri də əmlak vergilərinin artmayacağını göstərir".

Xanım Vəliyeva qeyd etdi ki, kirayə qiymətini bazar özü tənzimləyir: "Tələb çox olarsa, kirayə, icarə qiymətləri artacaq. Bazar iqtisadiyyatından başqa, kirayə qiymətləri həm də keyfiyyətdən asılıdır. Əsas problem müqavilələr əsasında ödənilən vergidədir. Bir çox hallarda vergilər verilmədiyindən müqavilənin dəyərini izləmək çətin olur. Odur ki, müqavilələrin bağlanmasını tənzimləmək lazımdır. Onda bazar qiymətləri aşağı düşə bilər. Yəni, bu qiymətləri dövlətin inzibati üsulu ilə tənzimləmək mümkün deyil".