Sürüşmə oldu, yolda hərəkət dayandı

28 Oktyabr 2014 10:12 (UTC+04:00)
Oktyabrın 25-dən davam edən güclü yağışlar nəticəsində Lənkəran-Lerik sosesində yenidən torpaq sürüşmələri baş verib. APA-nın məlumatına görə, sürüşmə və torpaq uçqunları yolun əsasən 17, 43 və 49-cu kilometrliklərində qeydə alınıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. 
Lerik rayon 43 saylı Yol İstismar İdarəsinin işçiləri və ağır texnikası gecə-gündüz əraziyə nəzarət edərək, yola tökülmüş gil, torpaq qatını təmizləməklə məşğul olublar. İdarənin rəisi Elxan Əliyevin APA-ya verdiyi məlumata görə, sözügedən ərazidə sürüşmələrə qarşı ilboyu tədbirlərin görülməsinə baxmayaraq, sürüşmələr stabilləşmir, əksinə, daha da aktivləşir. İdarə rəisi bunun başlıca səbəbini yay fəslinin quraqlıq, payızın isə yağmurlu keçməsi ilə əlaqələndirib. Mövcud çətinliklərə baxmayaraq, Lənkəran-Lerik şosesi hazırda sürücülərin üzünə açıqdır. Bununla belə, havaların yenidən yağmurlu keçəcəyi təqdirdə, yolda torpaq uçqunlarının və sürüşmələrin yenidən təkrarlanacağı qaçılmazdır.