Azərbaycan və Ermənistan prezidentləri itkinlərlə bağlı razılığa gəldilər
28 Oktyabr 2014 11:15 (UTC+04:00)
Azərbaycan və Ermənistan prezidentləri İlham
Əliyev və Serj Sarkisyan Parisdə Fransa prezidenti Fransua Olland
ilə üçtərəfli görüşdə Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi
altında Dağlıq Qarabağda müharibə zamanı itkin düşən şəxslər
haqqında məlumatların mübadiləsi haqqında razılığa
gəliblər. Trend xəbər verir ki, bu barədə
Yelisey sarayının saytı məlumat yayıb. Məlumatda deyilir: "Fransa Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasında Azərbaycan və Ermənistan arasında vasitəçiliyə
başlayıb. Fransua Olland Azərbaycan və Ermənistan prezidentlərini
birbaşa dialoqa cəlb etməyə nail olub".
Xatırladılır ki, may ayında Olland Cənubi Qafqaza
səfəri zamanı ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın
atəşkəs rejiminin qüvvəyə minməsindən iyirmi il sonra bu
münaqişənin sülh yolu ilə həllinin axtarışı üçün vasitəçiliyini
davam etdirməyə sadiqliyini təsdiqləyib. Olland iki tərəf arasında
qoşunların təmas xəttində gərginliyin səmərəli şəkildə
azaldılmasının vacibliyini qeyd edib.
Məlumatda bildirilir ki, Olland Azərbaycan və
Ermənistan prezidentlərini beynəlxalq hüquq prinsiplərinə və Minsk
qrupunun həmsədrləri tərəfindən müəyyən edilmiş prinsiplərə uyğun
olaraq Dağlıq Qarabağ münaqişəsinin davamlı şəkildə nizamlanması
üzrə danışıqlarda öz səylərini artırmağa çağırıb. Prezident,
həmçinin status-kvonun yolverilməz olduğunu da
vurğulayıb.
O, Azərbaycan və Ermənistan prezidentlərini fikir
ayrılıqlarının aradan qaldırılması və öz əhalisini sülhə hazırlamaq
üçün vacib olan siyasi iradə nümayiş etdirməyə
çağırıb.
Sayt xəbər verir ki, münaqişəni "ölü nöqtə"dən
tərpətmək üçün Olland hərtərəfli sülh sazişinin hazırlanmasına
başlamağı təklif edib.
Məlumatda deyilir ki, görüşdə Azərbaycan və
Ermənistan prezidentləri 2015-ci ilin sentyabrında Nyu-Yorkda BMT
Baş Assambleyasının sessiyası çərçivəsində dialoqun davam
etdirilməsi barədə razılığa gəliblər.
Məlumata görə, naharda prezident Olland və
qonaqlar Qafqaz regionunun inkişafı və onun Fransa ilə
münasibətlərini müzakirə ediblər.