Siyavuş Novruzov: “ABŞ indiyə qədər Azərbaycanın işğal olunmuş torpaqlarının qaytarılması ilə bağlı bəyanat verməyib”

28 Oktyabr 2014 12:53 (UTC+04:00)

Milli Məclisin iclasında ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə müraciət edilməsi təklif olunub.


APA-nın məlumatına görə, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov Ukraynadakı son parlament seçkilərinə diqqət yönəldərək buna ABŞ-ın münasibətindən danışıb.

 

S. Novruzov qeyd edib ki, Ukraynada keçirilən seçkilərin nəticələrinin mürəkkəbi qurumamış ABŞ-dan bu seçkilərin ədalətli, şəffaf və düzgün keçirilməsi ilə bəyanat gəldi, bildirildi ki, Krımın Ukraynaya qaytarılmasına nail olunacaq: "Biz bu seçkilərə qarışmırıq, onların daxili işləridir. Amma ABŞ-ın bu münasibətinə susmaq olmur. Hamı bilir ki, orada parlament seçkiləri necə və hansı şəraitdə keçirildi, ölkənin bütün ərazisində baş tutmadı. Amma dünyada demokratiyanı, ədaləti təbliğ edən ABŞ rəhbərlik səviyyəsində dərhal seçkilərin düzgün keçirilməsi və Krımın Ukraynaya qaytarılmasına yardım edəcəyi ilə bağlı bəyanat verdi. ABŞ 20 ildən çoxdur ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi Azərbaycan işğal olunmuş torpaqlarının geri qaytarılması ilə bağlı bəyanat verməyib. Azərbaycanda dəfələrlə demokratik seçkilərin keçirilməsinə baxmayaraq, ABŞ belə bir bəyanat verməyib. Bu da bir daha beynəlxalq təşkilatların, iri dövlətlərin ikili siyasətinin bariz nümunəsi oldu. Ona görə də, biz təklif edirik ki, Milli Məclis adından ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinə müraciət ünvanlayaq və onlardan bu məsələlərə aydınlıq gətirmək üçün hesabat tələb edək".