Polislər üçün elektroşok

28 Oktyabr 2014 14:21 (UTC+04:00)
Milli Məclisin bu günkü iclasında "Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə məsələyə baxılıb. ANS PRESS-in məlumatına görə, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin sədri, deputat Əli Hüseynli qanun layihəsi haqqında məlumat verib. 

O bildirib ki, polis kütləvi iğtişaşlarda, həbs olunanları müşayiət etdikdə elektroşokdan istifadə edə bilər. Onun sözlərinə görə, bütün polis əməkdaşları yox, xüsusi icazəsi olan polislər elektroşokdan istifadəsindən söhbət gedir. 

Deputat Çingiz Qənizadə bildirib ki, bu qanun layihəsi insan hüquqlarının pozulması kimi dəyərləndirilə bilməz. Deputat qeyd edib ki, dünya təcrübəsində də elektroşokdan istifadəyə icazə verilir. "Polis silahla kimisə zərərsizləşdirsə, problemlər olacaq. Amma elektroşok daha məqbuldur. Bəzi qüvvələr Azərbaycan polisi haqqında mənfi rəy formalaşdırırlar. Lakin yenə deyirik ki, bundan bütün polis işçiləri istifadə etməyəcəklər".

Deputat Sahib Alıyev qeyd edib ki, ABŞ-da hətta irqçilik zəminində də polis silahsız şəxslərə atəş açır. Milli Məclis üzvünün sözlərinə görə, Azərbaycan polisi yalnız hüquq çərçivəsində gərəkli addımlar atır. "Elektroşokdan istifadə də təəccüblü bir şey yoxdur". 

Xanım deputat Gövhər Baxşəliyeva isə qeyd edib ki, bu qanun layihəsinin qəbulu anti-humanist addımdır. "Ondansa, polis ayaqdan atəş açsa, daha yaxşıdır. Elektroşoka məruz qalan şəxs şikəst qala bilər. Ona görə də mən bunu anti-humanist addım kimi qiymətləndirirəm. Bu baxımdan bu qanun layihəsinə səs verməyəcəyəm".

BAXCP sədri, deputat Qüdrət Həsənquliyev Gövhər Baxşəliyevaya etiraz edərək bildirib ki, burada anti-humanist heç bir şey yoxdur. 

Sonda qanun layihəsi səsə qoyularaq qəbul edilib.