Sonsuzluq problemi Milli Məclisdə
28 Oktyabr 2014 17:04 (UTC+04:00)
Millət vəkili Qənirə Paşayeva Parlamentin bugünki
iclasında sonsuzluqladan əziyyət çəkən ailələrin problemlərini
qaldırıb. Deputat bu ailələrin xahiş və təkliflərini səsləndirərək
bu ailələrə övlad sahibi ola bilmələri üçün dövlət dəstəyinin
göstərilməsinin vacibliyini deyib və bu istiqamətdə təcili işlərin
həyata keçirilməsinə çağırıb. Nikaha
daxil olan şəxslər arasında sonsuzluq probleminin 10%-ni artıq
keçidiyini deyən millət vəkili Q.Paşayeva parlamentdə təcili olaraq
bu cür ailələrə dəstəyi nəzərdə tutan reproduktiv sağlamlıq
haqqında qanun layihəsinin müzakirə və qəbuluna çağırıb. O bildirib
ki, mövcud qanun layihəsində 10 il müddətində sonsuzluq
problemindən əziyyət çəkən ailələrə bir dəfə dövlətin maliyyə
dəstəyi ilə, pulsuz olaraq süni mayalanma əməliyyatının həyata
keçirilməsi nəzərdə tutulub. Əslində
bu müddəti 10 ildən də aşağı salmaq lazımdır və sonsuzluqdan
əziyyət çəkən ailələrə bir dəfə süni mayalanmanın dövlət vəsaiti
hesabına həyata keçirilməsini nəzərə tutan bu qanunu təcili qəbul
etmək lazımdır. "Bu təklif reallaşsa
cəmiyyətimiz üçün önəmli addım olardı və uzun illər sonsuzluqdan
əziyyət çəkən və dağılmaqda olan ailələrin xilası demək olardı.
Dövlətimizin bu gün bunu edəcək imkanları var. Hesab edirəm ki,
qısa zamanda artıq bunu həyata keçirmək olar və biz bununla
sonsuzuqdan əziyyət çəkən ailələrə ciddi kömək edə bilərik, bu
səbəbdən dağılan ailələrin, boşanmaların sayı azalar və bu
problemdən əziyyət çəkən ailələrdə yaşanan gərginliklər azalar", -
millət vəkili Q.Paşayeva deyib.
Millət vəkili sonsuzluq probleminin ciddi bir
problem olduğunu vurğulayaraq, reproduktiv sağlamlıq haqqında
qanunun qısa zamanda qəbulunun həddindən artıq vacib olduğunu
bildirib və parlamentin qısa zamanda bu qanunun qəbul etməsinin
minlərlə ailəni sevindirəcəyini deyib.