Azərbaycanda bankların kredit labrinti

28 Oktyabr 2014 17:40 (UTC+04:00)

Azərbaycanda problemli kreditlərin həcminin 1 milyard manata çatması, ölkədə fəaliyyət göstərən bankları kredit verərkən daha diqqətli olmağa məcbur edir. Belə ki, kredit üçün banklara müraciət edən müştərilərə ucdantutma kreditin ayrılması, az keçməmiş banklara müştəriləri ilə yenidən üz-üzə gəlmək məcburiyyətində qoyur ki, bu  da çox vaxt məhkəmə çəkişmələri ilə nəticələnir. Azərbaycandan fərqli olaraq qonşu Rusiyada banklar problemli müştərilərdən xilas olmaq yolunu tapıblar. Məsələn, Rusiyanın Kemerov vilayətində banklar ilk dəfə banka müraciət edən müştərilərlə çox həssas yanaşırlar. Bu vilayətdə yaşayan həmvətənimiz Natavan Quluyevanın sözlərinə görə, banka kredit üçün müraciət edən müştərini bank az qala xüsusi dövlət orqanı kimi sorğu-suala tutur, sənədlərini yoxlayır: "Banka kredit üçün müraciət edən müştəridən rəsmi iş yerindən arayış tələb olunur. Bundan sonra həmin arayışla bağlı iş yerinə təkrar sorğu göndərilir. Rəsmi əmək haqqının məbləği barədə məlumat aldıqdan sonra, bank işçiləri digər gəlirləri araşdırır. Mən burada dövlət universitetində müəllim işləməklə yanaşı, vəkil kimi də fəaliyyət göstərirəm. Banka avtomobil almaq üçün kredit müraciətimə, heç də Azərbaycanda olduğu kimi, iki günün içərisində "hə" cavabı vermədilər. Rəsmi əmək haqqımla yanaşı, digər gəlirlərimi də araşdırdılar. Hüquq məsləhətxanasına gələn bank işçiləri müştərilərlə illik  müqavilələrimi, vəkillik fəaliyyətimdən  qazancımı dəqiqləşdirdilər. Daha sonra isə mənim gəlirlərimdən səhiyyə, istirahət,gündəlik, hətta kommunal  xərclərimi belə çıxdılar. Bank hətta mənim qazancımın avtomobil aldıqdan sonra yanacağa xərcləyəcəyim vəsaiti belə hesaba aldı. Yalnız bundan sonar bank yolu ilə avtomobil almaq üçün mənə kredit ayırdılar". 

Göründüyü kimi Azərbaycandan fərqli olaraq digər MDB ölkələrində bankların kredit ayrırarkən bu qədər diqqətli olması sonda onları müştərinin qapısına qədər getmək məcburiyyətində qoymur. Bizdə isə mənzərə tamamilə fərqlidir. Ekspertlər ki, Azərbaycanda problemli kreditlərin həcminin artmasında bankların müştərilərə səhlənkar yanaşmasının böyük rol oynadığını deyirlər. İqtisadçı ekspert Samir Əliyev deyir ki, istehlak krediti ayıran bankın ilk dəfə banka kredit üçün müraciət edən müştəriyə gözübağlı 1000 manat məbləğində kredti ayırması belə səhvdir: "Bank ilk dəfə ona müraciət edən müştəriyə gəliri ilə bağlı dəqiq məlumat olmadığı halda yüksək məbləğdə kredit ayırdıqda diqqətli olmalıdır. Düzdür, indi banklar müştəri seçimində ehtiyatlılıq nümayiş etdirirlər. Mərkəzi Bank yanında fəaliyyət göstərən məkəzləşdirimiş kredit reyestri imkan verir ki, müştəriləri düzgün qiymətləndirə bilsinlər. Oradan hər bir müştərinin başqa banklara borlu olub-olmadığı, davamlı ödəyib-ödəmədiyi haqda məlumat əldə edirlər. Amma ilk dəfə banka müraciət edən müştərinin ödəmə qabiliyyətini qiymətləndirmək üçün bu imkanlar olmadığından, kredit mütəxəssisi müştırinin gəliri ilə bağlı dəqiq məlumatlar toplamalıdır.Əgər müştərinin rəsmi əmək haqqı ondan vacib xərclər çıxılmaqla, krediti ödəməyə imkan verirsə kredit ayrılmalıdır".   

S. Əliyevin sözlərinə görə, xarici ölkələrdə bankların müştərilərin əmək haqqından, digər gəlirlərindən səhiyyə, istirahət xərclərini çıxmaq bizə gülünc gəlsə də, bu şərtlər çox normaldır: "Çünki, normalda insan səhhətində yaranan ciddi problemə görə, əməliyyat edilə, xəstəxanaya düşə bilər. Eləcə də, hər bir insan iş əmsalını artırmaq üçün ən azı ildə bir dəfə istirahət etməlidir ki, buda müəyyən xərc tələb edir. Bizdə isə banklar çox təəssüf ki, müştərinin bir neçə banka krediti olduğunu görə-görə, ona əmək haqqının yarısı məbləğində kredit ayırırlar. Belə halda təbii ki, müştəri xəstələnərsə, eləcə də istirahət üçün əmək haqqından, gəlirindən pul xərcləyərsə, banka kredit ödəməsində problemlər yaranır. Ona görə də, bankların müştərinin bu xərclərini gözə alması, onu əmək haqqından istifadə edilən xərclərə daxil etməsi vacibdir".

Ekspertin dediyinə görə,  bankların bəzən bu xərcləri nəzərə almaması nəticədə problemli kreditlərin artmasına səbəb olur. S. Əliyev müştərilərin də banklara kredit üçün müraciət edərkən diqqətli olmalarını tövsiyyə edir. Ekspert deyir ki, bəzən müştəri ödəyə bilməyəcəyi həcmdə kreditin altına girir ki, nəticədə bankın ona ayırdığı kreditin faizini güclə ödəyir: "Bu gün banklar çox yüksək faizlə kredit ayırır. Müştəri kredit üçün müraciət edərkən götürdüyü kreditin üçdə biri qədər fazi ödəyəcəyini əvvəldən gözə almalıdır. Əgər gəliri, xərcləri çıxılmaqla buna imkan verirsə kredit üçün müraciət etməlidir".