İsmayıl Alpər Coşqun: Ermənilərin "soyqırım" iddialarına qarşı mübarizədə türk diasporunun üzərinə böyük vəzifə düşür (FOTO)

29 Oktyabr 2014 10:04 (UTC+04:00)

Ermənilərin qondarma "soyqırım" iddialarına qarşı mübarizədə türk diasporunun üzərinə böyük vəzifə düşür. Bunu Trend-ə açıqlamasında Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İsmayıl Alpər Coşqun deyib. Səfirin sözlərinə görə, Türkiyə və Azərbaycan tarixlərinin səhv tanıdılmasının əsas səbəblərindən biri də Qərb ölkələrində Azərbaycan və türk dünyası əleyhinə çalışan diasporların güclü olmasıdır.

Səfir qeyd edib ki, Ermənistanın və erməni lobbisinin Türkiyəyə qarşı irəli sürdükləri qondarma "soyqırım" iddiaları yeni deyil, sadəcə olaraq 2015-ci ildə erməni lobbisi bu məsələni daha ciddi şəkildə qabartmaq və özünə tərəfdar toplamaq üçün daha aktiv fəaliyyət göstərəcək: "Türkiyəyə, türk tarixinə ləkəyaxma kampaniyaları 2015-ci ildə bitməyəcək və tələblərinin də sonu olmayacaq".

İ.A.Coşqun bildirib ki, Ermənistan və erməni lobbisi səhv yoldadırlar: "Ermənistan və erməni lobbisi 1915-ci il reallıqlarından uzaq olanlara dünyanı da inandırmağa çalışırlar. Dolayısilə, Ermənistan və erməni lobbisi regionda ortaq gələcəyin qurulmasına əngəl olan bir inanca sahibdir".

Səfirin sözlərinə görə, Ermənistan hakimiyyəti və erməni lobbisi özünü təsdiq etmək üçün 1915-ci il hadisələri zamanı "soyqırım" törədildiyi iddiasından və Türkiyəyə qarşı düşmənçilikdən istifadə edirlər: "Hazırda Ermənistan hakimiyyəti əhalini işlə təmin etmək əvəzinə, onları əsas problemlərdən yayındıraraq qondarma "soyqırım"ın 100 illiyinə yönəltmək istəyir".

Diplomat əlavə edib ki, Ermənistanın bu cəhdlərinə baxmayaraq, nə Türkiyənin, nə də Azərbaycanın tarixi keçmişində utanacaq, gələcəyimizə ləkə ola biləcək bir hadisə yoxdur.

İ.A.Coşqun ermənilərə hazırkı Prezident Rəcəb Tayyib Ərdoğanın Baş nazir olduğu zaman 1915-ci il hadisələri ilə bağlı müraciətini oxumağı məsləhət görüb: "Türkiyə heç bir halda tarixi faktların saxtalaşdırılmasına imkan verməyəcək. 1915-ci il hadisələrinin araşdırılması üçün arxivlərimiz açıqdır. Dünyanın bir çox ölkələrinin parlamentinin təsir altında olan, həyatında bir dəfə də olsun Türkiyədə olmayan, türk tarixini bilməyən, beyinləri yuyularaq "soyqırım" iddialarına dəstək verməyə hazır olanlar var. Tarixi faktların araşdırılması üçün Azərbaycanla birgə fəaliyyətimiz daha da genişlənəcək".