Bezdirici SMS-lərdən canımız qurtaracaq
29 Oktyabr 2014 01:40 (UTC+04:00)
Mobil rabitə abunəçilərinə əvvəlcədən
razılaşdırılmadan müxtəlif məzmunlu reklam xarakterli SMS-lərin
göndərilməsi, bir sıra hallarda bunun müqabilində abunəçilərin
balansından vəsait çıxılması barədə KİV-də yayımlanan məlumatlarla,
Milli Məclisə, digər dövlət qurumlarına, eləcə də Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinə (RYTN) daxil olan şikayətlərlə bağlı
RYTN tərəfindən Antiinhisar Siyasəti və İstehlakçıların
Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə birgə araşdırmalar
aparılıb. Bu barədə Trend-ə rabitə və yüksək texnologiyalar
nazirinin müşaviri Müşfiq Əmirov deyib.
Onun sözlərinə görə, araşdırma nəticəsində məlumat
və reklam xarakterli kütləvi SMS-lərin bir neçə növü
müəyyənləşdirilib.
Bunlar yeni tarif və ya məhsullar (xidmətlər)
barədə operatorların öz abunəçilərinə göndərdiyi məlumat xarakterli
SMS-lər, məzmun və xidmət təchizatçıları tərəfindən təqdim edilən
xidmətlər barədə məlumat xarakterli SMS-lər, digər şirkət, bank,
mağazalar tərəfindən göndərilən reklam xarakterli
SMS-lərdir.
Mobil operatorlar tərəfindən RYTN-ə verilən
məlumatlara əsasən, bir çox hallarda istehlakçıların özləri
tərəfindən şirkət, bank, mağazalara öz nömrələrini təqdim etməsi
həmin abunəçilərə davamlı olaraq SMS-lərin daxil olmasına şərait
yaradır. Daxil olan SMS-ə görə abunəçinin balansından pul tutulması
isə yalnız abunəçilərin özləri tərəfindən təklif olunan xidmətin
aktivləşdirilməsi nəticəsində mümkün olur.
Mobil operatorlar istehlakçı hüquqlarının ifrat
müdafiəsinin sahibkarlıq fəaliyyətinə maneələr yarada biləcəyini,
reklamların digər yayım vasitələrində (məsələn televiziyada,
radioda və digər KİV-lərdə) olduğu kimi, istehlakçıların
iradəsindən asılı olmadığını vurğulasalar da, mobil abunəçilərin
həmin reklamlardan imtina ilə bağlı müxtəlif vasitələrə malik
olduqlarını qeyd edirlər. Məsələn, reklam daxil olan nömrəyə STOP
yazıb göndərməklə və yaxud mobil operatorun müştəri xidmətlərinə
rəsmi müraciət etməklə abunəçi onun nömrəsinə göndərilən reklam
xarakterli SMS-ləri dayandıra bilər.
Qeyd edilənlərlə yanaşı, RYTN abunəçilərin
çoxsaylı müraciətlərini nəzərə alaraq, bu məsələ ilə bağlı
"Telekommunikasiya haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi ilə əlaqədar təkliflər hazırlayıb. Belə ki,
mobil telekommunikasiya şəbəkəsi üzərindən reklam və əyləncə
xarakterli SMS-lərin (abunəçilər arasında göndərilən və qəbul
edilənlər istisna olmaqla) abunəçilərə kütləvi və avtomatik olaraq
göndərilməsinin yalnız abunəçinin ilkin razılığı alındığı halda
həyata keçirilməsi və bu məsələni əhatə edən digər maddələrin daxil
edilməsi təklif olunub.
Hazırda bu təkliflər baxılması üçün aidiyyəti
dövlət qurumlarına təqdim edilib.