Azərbaycan yığmasının baş məşqçisi postuna türkiyəli mütəxəssis gətirilib

29 Oktyabr 2014 16:34 (UTC+04:00)

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin yeni baş məşqçisinin adı məlum olub. Movqe.az saytının məlumatına görə, komandamız tanış simaya tapşırılıb.

Belə ki, artıq tarixin yaddaşına qovuşan "İqtisadçı"nın sabiq baş məşqçisi Bülənt Karslıoğlu komandamızın "sükanı arxası"na gətirilib. Türkiyəli mütəxəssislə ilkin olaraq, 1 illik müqavilə imzalanıb. Karslıoğlu bu postda kubalı Sillie Tabares Leonardonu əvəzləyib.

Onun qarşısına əsas hədəf kimi Bakıda keçiriləcək I Avropa Oyunlarında uğurlu çıxış tapşırığı qoyulub.

Qeyd edək ki, Karslıoğlu əsasən qadın komandaları ilə işləsə də, çalışdığı kollektivlərdə özünü yaxşı tərəfdən göstərməyi bacarıb. O, fasilələrlə 2012-2014-cü ildə çalışdırdığı "İqtisadçı"da da bunu nümayiş etdirərək, Bakı təmsilçisini Super Liqanın mükafatçıları sırasına salmağa nail olub və debütdəcə Çempionlar Liqasında pley-off sevinci yaşadıb.