Rövşən Lənkəranskiyə ölüm hökmü verən şəxs həbsdən çıxdı

29 Oktyabr 2014 16:52 (UTC+04:00)

Rusiya kriminal aləminin ən nüfuzlu nümayəndələrindən biri olan Şakro Molodoy ləqəbli 61 yaşlı Zaxari Kalaşov İspaniya həbsxanasından azadlığa buraxılıb.Movqe.az xəbər verir ki, Z.Kalaşov bu gün Madriddən təyyarə ilə Moskvaya gəlib. Məlumata deyilir ki, Şakronu Domodedovoda Rusiya DİN-in xüsusi qrupu qarşılayıb. Onunla DİN-in yüksək rütbəli məmurları görüşüb. Şakroya bu cür diqqət səbəbsiz deyil. Rusiya kriminal aləminin xaç atası sayılan Aslan Usoyanın (Ded Xasan) 2013-cü il yanvarın 16-da öldürülməsindən sonra "oğru dünyası"nda qarşıdurmalar daha da dərinləşib. Şakro hələ həbsdəykən Ded Xasanın taxt-tacına namizəd sayılırdı. Həbsdə olduğu 7 ildə o, kriminal aləmdə baş verən qanlı qarşıdurmalara qarışmasa da, onun azadlığa çıxması ilə Rusiya kriminal aləmində yeni bir dönəmin başlayacağı güman edilir.

2005-ci ildə İspaniya polisi Rusiya mafiyasına qarşı geniş əməliyyat keçirir və bir neçə "qanuni oğru" həbsə alınır. Şakro Molodoy gizlənə bilsə də, 2006-cı ilin mayında Birləşmiş Ərəb Əmirliklərində həbs edilərək İspaniya hökumətinə təhvil verilir. İspaniyada çirkli pulların yuyulması ittihamı ilə mühakimə edilən Z.Kalaşovun məhkəməsi xeyli müddət davam edir. Uzun araşdırmalardan sonra - 2010-cu ilin iyununda Madrid məhkəməsi Kalaşovun 7 il azadlıqdan məhrum edilməsi və 20 milyon avro cərimə olunması barədə qərar çıxarır.

Bəzi mənbələrin sözlərinə görə, Z.Kalaşovun azadlığa çıxması ilə kriminal aləmdə yeni qanlı hesablaşmalar başlayacaq. Bunun əsas səbəbi isə Ded Xasanın intiqamının hələ də alınmamasıdır. Bu səbəbdən indi əsas diqqət həm də bu qətlin sifarişçisi və təşkilatçısı hesab edilən Azərbaycanın ən nüfuzlu kriminal avtoriteti Rövşən Canıyevə (Rövşən Lənkəranski) yönəlib.

İnterpol xətti ilə axtarışa verilən Rövşən Lənkəranskinin Türkiyədə olduğu deyilir. Ded Xasanın qətlində adı hallandırılan gürcü qanuni oğrular - Cemal Mikeladze (Cemo) ötən ilin fevralından narkotik saxlamaq ittihamı ilə həbsdədir. Digər qanuni oğru Merab Canqveladze də ötən ilin iyununda Avropada Rusiya mafiyasına qarşı keçirilən əməliyyatda həbs edilib. Qeyd edək ki, hər iki qanuni oğru Rövşən Lənkəranskinin ən yaxın adamlarından hesab olunurdu. Beləliklə, Şakro Molodoyun azadlığa çıxması ərəfəsində hədəf yenə də Rövşən Lənkəranskidir.

Xatırladaq ki, Zaxari Knyazeviç Kalaşov 1953-cü il, martın 20-də Tiflisdə anadan olub. Milliyyətcə yezidi kürddür. 18 yaşı olanda o, SSRİ-nin cinayət aləminin avtoritetləri sırasına daxil ola bilib. Ona "qanuni oğru" adını 1971-ci ildə stalinizm həbsxanalarını da görmüş Avdo Mirzoyev verib.

1971-1985-ci illərdə bir neçə dəfə həbsxana həyatı yaşayan avtoritet 1989-cu ildə Moskvaya üz tutub. Burada da tezliklə ulduzu parlayan Z.Kalaşov digər gürcü qanuni oğru Tariel Onianinin (Taro) köməyi ilə əlaqələrini və nüfuz dairəsini genişləndirib. Rusiya hüquq-mühafizə orqanlarının məlumatlarında onun adı "kriminal aləmin generalı" kimi keçir. Onun müxtəlif dövrlərdə "Solntsev", "İzmaylovski" və "Bratski" kimi kriminal qruplaşmalara rəhbərlik etdiyi də deyilir.

O, əsasən qeyri-leqal kazino, narkotik və silah alveri ilə məşğul olub. Rusiyada üç dəfə mühakimə olunandan sonra 2003-cü ildə Z.Kalaşov Tariel Onianinin köməyi ilə İspaniyaya yerləşib. İspaniya polisinin məlumatına görə, Z.Kalaşov burada "On birlərin klanı" adlı gürcü-rus mafiyasına rəhbərlik edib. O, Rusiyanın və MDB-nin kriminal dairələri ilə ciddi əlaqələr qurub.

2005-ci ildə İspaniya polisi Rusiya mafiyasına qarşı geniş əməliyyat keçirib və bir neçə qanuni oğru həbsə alınıb. Şakro Molodoy gizlənə bilsə də, 2006-cı ilin mayında Birləşmiş Ərəb Əmirliklərində həbs edilərək İspaniya hökumətinə təhvil verilib. Madrid məhkəməsi Kalaşovun 7 il azadlıqdan məhrum edilməsi və 20 milyon avro cərimə olunması barədə qərar çıxarmışdı.