9,6 milyardlıq müqavilə

29 Oktyabr 2014 21:24 (UTC+04:00)


Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci mərhələsi və Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi çərçivəsində indiyədək ümumi dəyəri 9,6 milyard dollar olan müqavilələr bağlanıb.

ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell deyib.

BP şirkəti "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi layihəsinin operatorudur.

Onun sözlərinə görə, təkcə bu il "Şahdəniz-2" layihəsi çərçivəsində 4,5 milyard dollar xərclənib və bu vəsaitin böyük hissəsi Azərbaycandakı müqavilələrin payına düşür.

Q.Birrell əlavə edib ki, "Şahdəniz"in işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatına 2018-ci ildə başlamaq planlaşdırılır: "Və bunun üzərində işləyirik. Tikinti işləri 5 il ərzində həyata keçiriləcək və biz bu işləri vaxtında və uğurla başa çatdıracağıq".