`Biz demirik ki, yasda yemək vermə...` - Mübariz Qurbanlı
30 Oktyabr 2014 11:40 (UTC+04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri
yas mərasimlərində ehsan verilməsinə qadağa qoyulması məsələsinə
aydınlıq gətirib. Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı Trend-ə açıqlamasında deyib ki, yas
mərasimlərində ehsan verilməsi ilə bağlı qadağa yoxdur: "Burada
söhbət sadəcə yas mərasimlərində ifrat israfçılığın qarşısının
alınmasından gedir. Bu istiqamətdə də tövsiyələr vermişik. Bizim
tövsiyələrimizlə Qafqaz Müsəlmanları İdarəsinin yaydığı bəyanat
arasında heç bir ziddiyyət yoxdur. Yas mərasimlərində ifrat
israfçılığın qarşısının alınması ilə bağlı proses gedir, hər
regionun xüsusiyyəti nəzərə alınır və bu tövsiyələr verilərkən
kəndin ağsaqqallarının, ziyalılarının, din xadimlərinin, məsciddəki
axundların, imamların rəyləri də nəzərə alınır".
M.Qurbanlı deyib ki, bununla bağlı da müəyyən
irəliləyişlər var, ifrat israfçılığın aradan qaldırılması üçün
müxtəlif yerlərdə aparılan işlər nəticə verir. Bu məsələdə Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qafqaz Müsəlmanları İdarəsi
arasında həmrəylik var, hər iki qurum ifratçılığın əleyhinədir:
"Nəinki yas mərasimləri, eyni zamanda, cəmiyyət toy mərasimlərində
də ifrat israfçılığın əleyhinə çıxış edir. Bütövlükdə bu,
cəmiyyətin bir tələbatı kimi ortadadır. Kimsə bunu zorla etmir, bu,
tövsiyə formasında edilir. Bəzi yerlərdə vətəndaşlar deyirlər ki,
mən yemək vermək istəyirdim qoymadılar və s. Bunlara tövsiyə
edilir. Əgər yemək vermək istəyirsə, ətrafdakı insanlar da bunu
istəyirsə, biz ona demirik ki, niyə belə edirsən. Sadəcə biz
deyirik ki, yemək ver, amma onu ifrat şəkildə vermə. Ehsan
anlayışının özünə də xüsusi diqqət yetirmək lazımdır".