Müxalifələr seçkidə iştirak üçün namizəd tapa bilmir

31 Oktyabr 2014 07:40 (UTC+04:00)

Son proseslər bu qənaətə gəlməyə əsas verir ki, radikal müxalifət qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi itkilərlə gedir. Belə ki, radikal müxalifətin əsas təşkilatları olan AXCP və Müsavatda ciddi yarpaq tökümü prosesi gedir. Müsavat Partiyasında qurultaydan sonra yaranan narazılıq fonunda üzvlərin bu təşkilatı tərk etməsi davam edir. AXCP-yə gəldikdə, bu partiyanı tərk edənlər daha çoxdur. Hətta rəhbərlikdə təmsil olunanlar da AXCP ilə əlaqələrini kəsir.

Belə bir vaxtda qarşıdan gələn bələdiyyə seçkilərilə bağlı radikal müxalifətin bəzi təmsilçiləri prosesdə iştirakdan imtina etmək niyyətinə düşüb. Səbəb isə hətta namizəd vermək üçün adamlarının olmamasıdır. Artıq yayılan məlumatlara görə, AXCP bələdiyyə seçkilərindən kənarda qalmaqla üzləşdiyi elektorat böhranını gizlətməyə can atır. Müsavata gəldikdə, bu partiyanın yalnız bəzi dairələrdə seçkiyə qatıla biləcəyi gözlənir. Digər dairələrdə isə partiyanı təmsil edənlər yoxdur.

Vəhdət Partiyasının sədri Tahir Kərimli bildirdi ki, bələdiyyə seçkiləri radikal müxalifətin daha ciddi fiaskosu ilə sonuclanacaq: "Ölkədə 1607 bələdiyyə var. Müxalifət isə bütün bələdiyyələrdə təmsil olunmaq üçün azı 15 minə qədər namizəd irəli sürməlidir. Hazırda isə müxalifətin bu qədər namizədi sadəcə olaraq, yoxdur. Bütün müxalifət birlikdə bu qədər namizədi tapıb verə bilmir. Radikal müxalifətin bələdiyyə seçkilərindən kənarda qalmaqda başlıca səbəb də budur.

Əslində, bütün partiyalar siyasi institut olaraq, hakimiyyətə gəlmək üçün seçkilərdə mütləq iştirak etməlidir. Gücləri yoxdursa, hamısı birləşib, heç olmasa bələdiyyələrin 40-50 faizinə iddia edə bilərlər. Amma aralarındakı şəxsi ambissiyalar birləşməyə də imkan vermir. Bu, onu göstərir ki, radikal müxalifət təşkilatları sosial bazalarını tamamilə itirib, xalqın onlara etimadı ümumiyyətlə, yoxdur. Hətta təşkilat olaraq dağılmaq üzrədir, mobil deyillər. Seçki siyasəti, strategiyaları yoxdur. İdeoloji baxımdan da tamamilə deqradasiyaya uğrayıblar. Yalnız liderləri ətrafında birləşən qrupa, siyasi diskussiya qrupuna çevriliblər. Bu isə özünü ifşadan başqa bir şey deyil. Ona görə də bələdiyyə seçkilərində iştirak etməməmələrini prosesin şəffaf olmayacağı ilə əlaqələndirməyin özü bir bəhanədir. Bu kimi bəhanələr müxalifətin ağır duruma düşməsinə haqq qazandıra bilməz. Onların belə duruma düşmələrinin başlıca günahı liderlərinin doğru olmayan siyasətidir. Öz düzgün olmayan fəaliyyətləri ilə hazırda müxalifəti acınacaqlı duruma qoyublar. Qarşıdan gələn bələdiyyə seçkiləri bu mənada radikal müxalifərin daha ciddi fiaskoya uğraması ilə sonuclanacaq. Görürsünüz ki, keçirilən hər bir seçkidən sonra müxalifət daha açınacaqlı vəziyyətə düşür, daha geniş həcmdə sosial bazadan məhrum olurlar. Türkiyədə bələdiyyə seçkiləri parlament və prezident seçkilərinin taleyini belə həll etmək iqtidarındadır. Ona görə də orada bütün siyasi partiyalar bələdiyyə seçkilərinə ciddi yanaşırlar. Azərbaycanda isə müxalifət fiaskoya uğradığından seçkilərdə iştirak etmək imkanları belə yoxdur. Bu onu göstərir ki, seçkilərdən sonra radikal müxalifətin durumu daha da ağırlaşacaq".

Politoloq Məmməd Əlizadə də düşünür ki, radikal müxalifət öz dövrünü başa vurmaq ərəfəsindədir: "Radikal müxalifət son zamanlar yenidən istefa dalğası ilə üz-üzədir. Bu qurumda təmsil olunanlar artıq cəmiyyət qarşısında öz nüfuzunu büsbütün itirib. Onlar ağır durumdadır. Üstəlik, keçirilən hər bir seçkidə ağır məğlubiyyətə düçar olmaları da müxalifəti parçalamaqda davam edir. Əminəm ki, AXCP ilə Müsavatda yenidən baş qaldıran istefalar, bələdiyyə seçkilərindən sonra daha ciddi şəkildə özünü göstərəcək. 2015-ci ilin parlament seçkilərində isə bu qüvvələr qanunverici orqana namizəd verməkdə çətinlik çəkəcəklər. Hazırda bələdiyyələrə namizəd tapa bilmirlər.

Seçkilərdə ancaq öz qüvvəsi və namizədləri ilə iştirak edən partiyalar nəyə qadir olduqlarını göstərə bilərlər. Buradan kənarda qalmaqla isə, onlar ümumiyyətlə, fiaskoya uğradıqlarını ortaya qoymuş olurlar. Bələdiyyə seçkiləri bütün hallarda müxalifətin ciddi fiaskosu olacaq. Buna birmənalı olaraq əminəm".