ABŞ Azərbaycana qarşı yenə ikili standrat sərgiləyir

31 Oktyabr 2014 08:00 (UTC+04:00)

Bu dəfə Cen Psakidən səs çıxmadı. O Cen Psaki ki, Rauf Mirqədirov, Leyla Yunus və bunlar kimi konkret ağır cinayətlər törətməkdə ittiham olunan bir çox şəxslərin müdafiəsinə qalxmışdı. "Bu işlə bağlı bizdə kifayət qədər məlumat yoxdur" deyərək, ABŞ Dövlət Departamentinin sözçüsü girov götürülmüş iki Azərbaycan vətəndaşına Xankəndində separatçılar tərəfindən "məhkəmə" qurulmasına şərh verməkdən yayındı. Halbuki, gətirdiyi arqumentin əsassız olduğu hər kəsə bəllidir. Bu hal həm də ABŞ-ın hadiəsələrə baxışda ikili standartlar sərgilədiyini açıq meydana qoydu. Elə siyasi şərhçilər burada da ikili standartların işə düşdüyün deyir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin üzvü, ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədr müavini Azay Quliyev ABŞ Dövlət Departamentinin girovların hazırkı durumu ilə bağlı məlumatlara malik olmamasına inanmır: "Neçə aydır ki, bu şəxslər girovluqdadır. Bu barədə dünya ictimaiyyəti xəbərdardır. O cümlədən məlumatı Minsk qrupu vasitəsi ilə ABŞ-a da çatdırmışıq. Cen Psakinin "xəbərim yoxdur" deməsi, qəribədir və inandırıcı deyil. Sadəcə, görünür məsələyə münasibət bildirmək istəmir. Bu da arzuolunmaz və qəbuledilməz haldır. Necə ola bilər ki, Azərbaycanda bir ictimai fəalı polis saxlayanda, DYP onu nizan-intizama çəkən zaman ABŞ Departamentinin sözsüçüsü dərhal ona reaksiya verir, amma bu insanlar 3-4 aydır ki, girovluqdadır, işgəncəyə məruz qalıblar. Bütün dünya ictimaiyyətinə də bununla bağlı məlumat verilib. Deputatlar danışır, QHT-lər böyük aksiyalar təşkil edir, hətta Xarici İşlər Nazirliyinin bəyanatı olub, amma ABŞ Departamentinin bundan xəbəri yoxdur. Yəni, göründüyü kimi, Cen Psakinin açıqlaması səmimi deyil. Amma gec-tez ABŞ buna münsibət bildirməlidir. İşgəncələrə görə, Ermənistana qarşı sərt münasibətini açıqlamalıdır. Bunu etməyəcəksə, deməli ortada başqa məqamlar var".

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirdi ki, ABŞ Dövlət Departamentinin Azərbaycanda baş verən siyasi proseslərə mövqeyi heç vaxt birmənalı olmayıb: "Adətən ikili, üçlü, hətta dördlü standartlarla çıxış ediblər. Niyə Azərbaycan ilə bağlı siyasətçi "donuna" girmiş cinayətkarlar heç bir əsas olmadan müdafiə olunur, amma öz torpağına gedən insan bu qədər ədalətsiz məhkəmə prosesi ilə üzləşirsə, ABŞ-ın müdafiəsindən nəyə görə məhrum olur? Söhbət beynəlxalq hüququn təməl prinsipindən gedirsə, bu prinsiplər bütün insanlara şamil olunmalıdır. Mövqe bildirməkdirsə, hər bir məsələdə mövqe bildirmək lazımdır. Ümumiyyətlə, Qarabağ probleminin həllində ABŞ nə cür maraqlıdırsa, həmin girovların müdafiəsində də eyni cür maraqlıdırlar. Bütün hallarda biz ədalətin bərpa olunacağına inanırıq.

Hələlik isə ABŞ seçkidə, siyasi məhbuslarla bağlı məsələlərdə şəxsi maraqları var deyə, Azərbaycana təzyiq etmək imkanı yaranır deyə dərhal ortaya çıxır. Leyla Yunus çox böyük şəxsiyyət idimi ki, Departament səviyyəsində ona münasibət bildirilir? Əsl münasibət bildiriləsi işdə bunlar susurlar. Dəqiq məlumata malik olmadıqlarını bildirirlər. Amma onlar tamamilə sübutlara malikdirlər. O sübutlara ki, girovların günahsızlığını sübut edir. Hətta günah olduğu halda belə, beynəlxalq aləmdə təqsirsizlik prezumpsiyası deyilən anlayış var. İşğalçı dövlət olaraq insanı gözü bağlı şəkildə məhkəməyə gətirmək, onu video formatda nümayiş etdirmək dünyaya meydan oxumaqdır. Amma dünya dövlətləri öz mövqelərini qoymur. Ermənistan mövqeyini ortaya qoyub. İşğalçı, ədalətsiz olduğunu, işgəncə ilə məhkəmə keçirdiyini deyir. Bəs, digər dövlətlər niyə səsini çıxartmır? ABŞ-ın timsalında bu qədər bəsit formada sükut etmək anlaşılan deyil. Əslində, həm də anlaşılandır".

Millət vəkili Aydın Mirzəzadə də deyib ki, Azərbaycanda bəzən tanınmayan bir insanın hüquq-mühafizə orqanları tərəfindən istintaqa cəlb edilməsi ABŞ Dövlət Departamentinin müzakirə mövzusu olur: "Leyla Yunusun Ermənistan Xüsusi Xidmət orqanları ilə əməkdaşlığı ifşa edildikdən sonra ABŞ Dövlət Departamenti onun azadlığa buraxılmasını tələb etdi. Belə halda isə Azərbaycanın ağrılı məsələsinə göz yumulur. Hesab edirəm ki, yanaşma ikili standartdır".