Yeniyetmə bir ildir heç nə yemir

31 Oktyabr 2014 08:56 (UTC+04:00)

Amerikanın Ayova ştatından olan 12 yaşlı Lendon Cons həmişə çox fəal uşaq olub- velosiped sürməyi, parkda gəzməyi sevib. Və budur, ötən ilin oktyabr ayında o, sadəcə olaraq, yuxudan ayılıb və hər şey bundan sonra başlayıb. Lendon aclıq hissini itirib. O, 24 saat ərzində özünü pis hiss edir, başı gicəllənir, ürəyi bulanır. Həkimlər əvvəlcə ona antibiotiklər veriblər, lakin bu, kömək etməyib. "O vaxtdan oğlumun qaçdığını görməmişəm. O, heç vaxt acmır, içmək istəmir"- Lendonun atası Maykl Cons danışır. Əgər Lendonun ötənilki şəkillərinə baxsaq, onu tanımaq olmur. O, sağlam uşaq idi, bir il ərzində 16 kq arıqlayıb və indi 30 kq-dan artıq deyildir. "Bizə daim elə gəlir ki, ona lazım olanları etmirik. Daim ona yemək və içki təklif edirik. Amma Lendon özünü məcbur edə bilmir. Və biz də onu məcbur edə bilmirik"- Lendonun anası bildirir. Həkimlər ona diaqnoz qoya bilmirlər. Güman edirlər ki, bu, əsəb sisteminin, məhz aclıq və susuzluq hissini tənzimləyən hipotalamusun işindəki pozğunluqla əlaqədar ola bilər. Hələlik müalicə heç bir nəticə vermir. Oğlan borucuq vasitəsilə qidalanır, dərman qəbul edir, lakin əvvəlki kimi, divandan düşmür, zəifləyir və artıq neçə aydır ki, məktəbə getmir.