Bakıya səs salacaq maşınlar
30 Oktyabr 2014 20:27 (UTC+04:00)
Bakıda keçiriləcək "Baku World Challenge 2014"
yarışı üçün avtomobillər artıq hazırdır.
ANS PRESS-in məlumatına görə, "Baku World
Challenge 2014" Facebook səhifəsində avtomobillərin fotoları
yerləşdirilib. Avtomobillər bokslarda yarışa hazır
vəziyyətdədir.
Baku World Challenge, Blancpain Sprint Seriyasının
ilk mövsümünün yekun mərhələsinə GT3-ün 15 beynəlxalq komandası və
30 avtomobili, Tarixi Formula 1 yarışının 10 avtomobili həmçinin 5
drift avtomobili iştirak edəcək.
Möhtəşəm GT3 avtomobilləri Xəzər dənizi boyunca
uzanan və Milli Bayrağın ətrafında dövrə yaradan, yeni təmir
olunmuş 4 km uzunluğunda yolda - yarış dairəsində
düzüləcəklər.
Ümumilikdə qələbə çalan komanda üçün 100.000,
ikinci yer tutan komanda üçün 50.000, üçüncü olan komanda üçün isə
25.000 avro mükafat fondu nəzərdə tutulub.
Yarış Avropa, Avstraliya, Asiya, Amerika, Yaxın
Şərq və Afrikanın idman kanallarında canlı yayımlanacaq, o cümlədən
175-ə qədər xarici ölkələrin kanallarında və AzTV İdman kanalında
göstəriləcək.
Qeyd edək ki, yarışla əlaqədar bu gündən Mikayıl
Useynov prospekti, Akademik Əhəd Yaqubov və Aqil Quliyev
küçələrində nəqliyyat vasitələrinin hərəkəti
məhdudlaşdırılıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən ANS
PRESS-ə verilən məlumata görə, sürücülərə alternativ olaraq Qurban
Abbasov, Xanlar küçələri və Badamdar şossesindən istifadə etmələri
tövsiyə olunur.
Yarışlar noyabr ayının 2-dək davam edəcək.