Bakıda məktəblərdə məktəbə hazırlıq qrupları fəaliyyətə başladı

31 Oktyabr 2014 16:00 (UTC+04:00)

Bakının 89 ümumtəhsil məktəbində məktəbə hazırlıq qrupları fəaliyyətə başlayıb. Təhsil Nazirliyinin mətbuat xidmətindən Movqe.az verilən xəbərə görə, oktyabrın 15-dən mayın 25-dək davam edəcək, həftədə 4 gün fəaliyyət göstərəcək hazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması və müəyyən bilikləri əldə etməsidir. Təhsil nazirinin müvafiq əmrinə əsasən, artıq 89 məktəbdə 135 məktəbə hazırlıq qrupu fəaliyyətə başlayıb. Uşaqlarla məşğələləri Sınaq Qiymətləndirilməsində yüksək nəticə göstərən ibtidai sinif müəllimləri aparırlar. Məşğələlərin aylıq qiyməti 40 manatdır. Bu proses valideynlə məktəb arasında bağlanan ikitərəfli müqavilə əsasında ödəniş haqqının təhsil müəssisəsinin bank hesabına köçürülməsi ilə həyata keçirilir. Hazırlıq qrupunu bitirən uşağa sonda rəsmi sənəd - arayış veriləcək. Müəyyən səbəblərdən hazırlıq qrupuna vaxtında başlaya bilməyən uşaqlar üçün valideynlərin müraciətlərinə əsasən, dərs ilinin ikinci yarısından etibarən əlavə qruplar təşkil oluna bilər. Qruplar təşkil olunduğu halda tədris prosesi yanvarın 10-dan iyun ayının sonunadək davam edəcək.