MTK-lar kondominimumlara qarşı

1 Noyabr 2014 07:26 (UTC+04:00)

Məlum olduğu kimi, 2009-cu ildə qəbul edilən Mənzil Məcəlləsində binaların 3 idarə edilmə forması müəyyən olunub. Bu 3 formadan biri binada yaşayan sakinlərin yığışaraq özlərinin müəyyən etdiyi idarəetmə qurumu yaratmasıdır ki, buna da kondominimum deyilir. Lakin Mənzil Məcəlləsinin qəbulundan 5 ildən çox vaxt keçsə də, indiyə kimi cəmi 6 kondominimum qeydiyyatdan keçib. Halbuki, Azərbaycanda təxminən 15 min çoxmərtəbəli bina olduğu bildirilir. Minlərlə çoxmərtəbəli binaların olduğu halda cəmi 6 kondominimumun olması isə bu sahədə vəziyyətin heç də ürəkaçan olmadığını deməyə əsas verir. Araşdırmalar göstərir ki, xüsusi ilə yeni tikilən binaların idarə edilməsini öz üzəriən götürən mənzil-tikinti kooperativlri kondominimumların yaradılmamasında maraqlıdırlar. Məsələ ilə bağlı İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirir ki, potensial olaraq Azərbaycanda kondominimumların sayı 15 minə qədər olmalıdır: "Yəni, hər çoxmərtəbəli binada bir kondominimum yaradılmalıdır. Kondominimumlar idarəetmə üsullarından biridir. Bina sakinləri yığıncaq keçirir və binanı idarəetməyə verirlər. Bu günə qədər kondominimumların yaradılmamasının obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəbləri onunla bağlıdır ki, bu gün kondominimumlarla bağlı qanunvercilikdə problemlər mövcudur. Kondominimumların fəaliyyəti haqqında ayrıca qanun olmalıdır. Qanunvercilikdən başqa, bu gün kondominimumların qeydiyyat məsələsində qeyri-müəyyənlik var. Çünki, kondominimumlar qeyri-kommersiya təşkilatıdır. Bu qeyri-kommersiya deyilsə, QHT olaraq götürülməlidir. Kommersiya təşkilatlarını Vergilər Nazirliyi, qeyri-kommersiya təşkilatlarını isə Ədliyyə Nazirliyi qeydiyyata alır. Kondominimumlar isə nə QHT, nə də kommersiya təşkilatı deyil. Ancaq kommersiya fəaliyyəti ilə məşğul ola bilər. Yəni, qeydiyyatla bağlı məsələlərin aydınlaşdırılmasına ehtiyac var. Növbəti problem əmlak məsələsidir. Çünki, kondominimumlar təkcə binadan ibarət deyil. Binanın yerləşdiyi sərhədlər də bilinməlidir. Ancaq bunları hələlik müəyyənləşdirmək mümkün deyil. Subyektiv səbəblər isə odur ki, ilk növbədə əhalinin maariflənməsi zəifdir. Digər tərəfdən kondominimumların yaradılmasına müxtəlif üsullarla Mənzil İstismar Sahələri (MİS) mane olur. Eyni zamanda hökumət də hələlik tam bu sistemə keçmək barədə düşünmür".

Ekspert bildirdi ki, əslində, kondominimumların fəaliyyətinin qeyri-təkmil forması MTK-lardır: "Kondominimumların rəhbəri sakinlər tərəfindən seçilir. Amma MTK-larda sədr binanı tikən şirkət tərəfindən təyin olunur. İnsanlar, bu sədrin necə müəyyən edildiyini bilmir. İkinci çatızmazlıq tariflərin müyyən edilməsidir. MTK-lar tarifi özləri müəyyən edir və istənilən vaxt qaldıra bilər. Amma kondominimumlarda qiymət artımı ancaq sakinlərin razılığı əsasında ola bilər. Qanunverciliyə görə, MTK-lar bina təhvil veriləndən 6 ay sonra kondominimumlara çevrilməlidir. Ancaq bizdə yeni tikilən binaların 90%-i dövlətə təhvil verilməyib. Ona görə də MTK-lar fəaliyyət göstərir. Yəni, burada MTK-larda günah yoxdur. Hökumət yeni tikilən binaları təhvil götürməlidir. Bundan sonra MTK-ların kondominimumlara çevrilməsi məsələsinə başlanılmalıdır".

Samir Əliyev sonda onu da qeyd etdi ki, artıq əhaliyə xidmət göstərmək üçün Mənzil İstismar Sahələrinin hüquqi əsası qalmayıb: "Çünki, Konstitusiyada da, Mənzil Məcəlləsində də göstərilir ki, insanlar öz əmlakları üzərində öz istəyinə uyğun olaraq qərar verə bilərlər. Yəni, ona kimin xidmət göstərməsinə özü qərar verə bilər. Bir sıra xarici ölkələrdə Mənzil İstismar Sahələri şirkətə çevrilir. Bu halda sakinlərə xidmət göstərə bilərlər. Amma onların xidmət göstərməsi yenə də sakinin seçiminə bağlıdır".

Çoxmərtəbəli binalarad mənzillərin idarə olunmasının digəri idarəçiliyin şirkətlərə tapşırılmasıdır. Sakinlərin binanın idarəsi üçün vaxtı, istəyi olmadıqda bunu xüsusi şirkətlərə həvalə edirlər. Üçüncü formada isə bina sakinlərin idarə edilməsinə verilir. Lakin mənzillərin üç idarə olunma formasından heç biri hələ təkmil qaydada işləmir.