Koalisiya qüvvələrinin İŞİD-lə bağlı uğursuzluğunun şok səbəbləri üzə çıxır

1 Noyabr 2014 08:35 (UTC+04:00)

Terrorçu İŞİD təşkilatı hələ də fəaliyyət göstərdiyi bölgələr sakinləri lərzəyə salmaqda davam edir. Bu qruplaşma hazırda İraq və Suriyanın müəyyən hissəsinə nəzarəti ələ keçirib. İraqın neftlə zəngin şimal ərazisinin mühüm hissəsi onun əlindədir. Suriya ərazisinin 30 faizindən çoxu da İŞİD-in hegemonluğu altındadır. Hazırda onlar Türkiyə ilə sərhəddə yerləşən və əsasən kürdlərin yaşadığı Kobani uğrunda aramsız savaşı davam etdirirlər. Düzdür, burada koalisiya qüvvələrinin hava zərbələri ilə İŞİD şəhəri almaqda çətinlik çəkir. Amma koalisiya qüvvələrinin hava hücumlarına rəğmən, İŞİD-in zəiflədiyi gözə çarpmır. Bu zərbələr istənilən effekti verməyib. İŞİD hələdə qorxunc qüvvə olaraq qalmaqdadır. Həmin qruplaşma rəhbərləri daha da irəli gedərək, digər ölkələri də hədələyirlər. Maraqlıdır ki, terrorçulara qarşı koalisiya qüvvələri bundan əvvəl terrorçulara qarşı kifayət qədər uğurlu əməliyyatalara imza ata biliblər. Hər halda Əfqanıstanda keçrilən əməliyyatlar buna ən real sübutlardan biridir. Amma nədənsə, İŞİD-lə mübarizədə hələ də istənilən nəticə yoxdur. Bütün cəhdlərə baxmayaraq, İŞİD təhlükə yaratmaqda davam edir.

Politoloq Elşən Manafov hesab edir ki, hələlik İŞİD-lə mübarizənin effekt verməməsi Vaşinqtonun maraqlarına cavab verdiyindən, bu qruplaşma da meydan sulamaqda davam edir: "ABŞ-ın Yaxın və Orta Şərqdə yeni dünya nizamı ilə bağlı müəyyən məkrli planları var. İŞİD-in yaradılması da onun bu planlarının həyata keçirilməsinə hesablanmış addım kimi dəyərləndirilir. Ona görə də, ABŞ hökuməti güman edirəm ki, İŞİD-ə qarşı mübarizədə qeyri-səmimi mövqe nümayiş etdirir. Bu qruplaşmaya qarşı mübarizənin gedişində İŞİD-ə aid mövqelərin ABŞ aviasiyası tərəfindən bir çox hallarda səhv olaraq vurulması haqda prosesləri izləyirik. İraqda Səddam Hüseyn rejiminə qarşı mübarizədə hərbi obyektləri dəqiqliklə vuran ABŞ ordusu, bu dəfə nədənsə, hədəfləri müəyyən mənada dəqiq vura bilmir. Bunu da bir çox hallarda İŞİD-in hərbi əməliyyatların gedişində yeni metodlara müraciət etmələrilə əlaqələndirirlər. Guya, onlar maşın şinləri yandırmaqla ətrafı atəş üçün görməz vəziyyətə salırlar. Amma bilirik ki, ABŞ başda olmaqla, dünyanın müasir dövlətlərin çoxunun hətta lap qaranlıq şəraitdə belə hərbi obyektləri dəqiqliklə vurmaq imkanları var. Hər halda, güman edirəm ki, İŞİD-dən perspektivdə ən azından Suriyadakı Bəşər Əsəd rejiminə qarşı mübarizənin gedişində istifadə etmək üçün yararlanacaqlar. Bundan başqa, Vaşinqtonun kürd siyasəti də gündəmdədir. Bu faktordan istifadə etməklə, Ağ Ev onlardan istər Suriya, istərsə də Türkiyədə iqtidara qarşı yararlanmaq istəyir. Bütün bu səbəblərdən zənn etmirəm ki, hazırda ABŞ-ın İŞİD-i tamamilə yox etmək istiqamətində hansısa konkret maraqları olsun. Onu da güman etmək olar ki, İŞİD-ə qarşı təşkil oluna biləcək koalisiyaya Türkiyəni cəlb etməklə Ankaranı bu qruplaşma ilə üzbəüz qoymağı düşünürlər. Belədə, Türkiyə dövlətçiliyi üçün İŞİD timsalında daha yeni bir problem yaratmaq istəyirlər. Gerçəkdən Rəcəb Tayyib Ərdoğan iqtidarının son zamanlar həyata keçirdiyi xətt göstərdi ki, Türkiyə zaman-zaman müstəqil mövqe sərgilədikcə, ona qarşı təzyiqlər də artır. Bütün bunlar fonunda hələlik İŞİD meydan sulamaqda davam edir və edəcək".

Politoloq Taleh Əliyev də qeyd etdi ki, indilikdə İŞİD-in məhv edilməsi gündəlikdə olmadığından, qruplaşma güclənməkdə davam edir: "İŞİD-ə qarşı koalisiya formalaşsa da, ondan sonrakı mərhələdə aparılan mübarizə göstərdi ki, bu, sistemli və ardıcıl mübarizə deyil. Daha çox İŞİD-dən bir alət kimi istifadə olunur. Gələcəkdə, Suriya və İraq ərazisində planlaşdırılan yeni dövlətlərin yaradılması, yeni iqtidarların oturuşması üçün həmin coğrafiyada mövcud rejimlərin sıradan çıxarılması prosesi aparılır. İraqdakı Nuri əl-Maliki hökumətinin istefaya göndərilməsini əslində, səssiz dövlət çevrilişi adlandırardım. İŞİD-in meydana gəlməsi ilə İraq prezidenti tərəfindən o dəyişdirildi.

Amma görünən odur ki, İŞİD ayrıca qruplaşma deyil. Daha çox geosiyasi güclərin regionda yeni reallıqlar yaratması istəyinə uyğun bir fəaliyyətdir. Bunun da səbəbi bölgədə yeni dövlətin yaradılması ola bilər ki, bu istiqamətdə də daha çox Kürdüstan dövlətinin adı hallanır. Xüsusən Kobani hadisələrindən sonra məlum olur ki, ortalıqda İraq və Suriyanı əhatə edəcək Kürdüstan adında yeni bir dövlətin yaradılması ideyası var. Hətta İraqın şiə və sünni dövlətlərə parçalanacağı, yaxud da hər ikisinin bir yerdə olacağı yeni dövlətin yaradılması istiqamətində də oyun oynanılır. Bundan başqa, Bəşər Əsədin devrilməsi də bu oyunlar sırasında yer alır. Bu fonda görünür, hələlik İŞİD-ə ayrılan rol tamamlanmayıb. Ona görə də formalaşan koalisiya İŞİD-i məhv etməkdən daha çox, ona dolayısı olsa da yardım göstərir. Prezident Barak Obamanın "hələ İŞİD problemi qarşıdakı 30 ildə də bizi məşğul edəcək" kimi fikirlər səsləndirməsi də, o deməkdir ki, bu regionda cərəyan edən proseslər yaxın zamanlarda yekunlaşmayacaq və İŞİD məsələsi uzun müddət gündəmdə qalacaq".