Sərnişinlərin həyatı avtobuslarda yenə böyük risqə atılır

1 Noyabr 2014 08:51 (UTC+04:00)

İtkilərin həcmindən asılı olmayaraq, demək olar ki, respublika yollarında az qala hər gün avtobus qəzaları baş verməkdədir. Hadisələrə əsas səbəb kimi sürücülərin səhlənkarlığı və səriştəsizliyini nəzərə alsaq, bundan sonra da belə hadisələrdən tam sığortalandığımızı demək mümkün deyil. Bu fonda həm də aktuallığını qoruyan məqamlardan biri səhlənkar sürücülərin sərnişinlə dolu vəziyyətdə yanacaqdoldurma məntəqələrinə daxil olmasıdır. Bunu xüsusi ilə mərkəzdən Bakıətrafı qəsəbələrə işləyən avtobuslarda daha çox görmək mümkündür. Qanun qadağan etsə də, aidiyyatı qurumlar mübarizə apardıqlarını desələr də, nədənsə, sürücülər özlərinin və sərnişinlərin həyatlarını belə formada təhlükəyə atmaqda davam edirlər. Bədbəxt hadisə baş verməmək şərti ilə buna yol verən sürücülərə qarşı 3 bal və 60 manat məbləğində cərimə nəzərdə tutulur. Ancaq bütün bunlar hələ də istənilən nəticəni verməyib. Sərnişinlə dolu avtobusun yanacaqdoldurma mənətəqəsinə daxil olmasına yenə rast gəlinir və dəfələrləbu məsələ gündəmə gətrilsə də, istənilən nəticə yoxdur.

Problemə münasibət bildirən Azərbaycan Texniki Universitetinin "Avtomobil nəqliyyatı vasitələrinin" kafedrasının müdiri, dosent, texniki elmləri namizədi Rauf Məmmədovun sözlərinə görə, bütün növ ictimai nəqliyyat vasitələrinin sərnişinlə dolu vəziyyətdə yanacaqdoldurma məntəqəsinə daxil olması qanunla da qadağandır: "İctimai nəqliyyat vasitələri ən son vəziyyətdə sərnişinləri boşaldıb, yanacaqdoldurma məntəqəsinə daxil ola bilər. Yaxud da sürücü son dayanacaqda olarkən ən yaxınlıqdakı yanacaqdoldurma məntəqəsindən istifadə edə bilər. Ancaq bütün hallarda yaxşı olardı ki, sürücü əvvəlcədən yanacaq çəninini dolursun. Bu məsələdə ona cavabdeh sahibkar diqqətli olmalıdır. Eyni zamanda aidiyyatı qurumların nəzarəti də güclü olmalıdır. Hətta lazım gələrsə, bununla bağlı xüsusi göstərişlər vermək olar".

Mütəxəssisin fikrincə, burada sərnişinlərin də üzərinə böyük məsuliyyət düşür: "Onlar ictimai qınaq yaratmalıdırlar. Avtobus sürücüsüsü yanacaqdoldurma məntəqəsinə daxil olursa, sərnişinlər dərhal öz etirazlarını bildirməlidirlər. Yaxud da qaynar xəttə zəng və ya yaxınlıqda olan dövlət yol polisinə müraciət etsinlər. Burada yanacaqdoldurma məntəqəsinin də üzərinə müəyyən məsuliyyət düşür. Düzdür, o sahibkardır. Nəqliyyat vasitələrinin yanacaqdoldurma məntəqəsinə daxil olmasını qadağan edə bilməz. Sadəcə, operatorlara sərnişin dolu ictimai nəqliyyat vasitəsinə xidmət göstərilməməsi barədə tapşırıq verilə bilər".

Nəqliyyatçıların Hüquqi Problemlərinə Yardım İctimai Birliyinin rəhbəri, nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov "Mövqe"yə açıqlamasında bildirdi ki, sərnişin daşıyan minik avtobuslarının sərnişinlə birlikdə yanacaqdoldurma məntəqəsinə girməsinin qadağan edilməsi "Yol Hərəkəti Haqqında" qanunda göstərilir: "Sürücü buna yol verərsə, tənbeh və ya cərimə olunmalıdır. Belə halda sürücünün işlədiyi şirkətin rəhbərinə qraşı da tədbirlər görülməlidir. Sürücülərə verilən təlimatda bunlar göstərilir. Ancaq təlimatda göstərilsə də, sürücülər üçün texniki vaxt olmur. Nəqliyayt vasitəsi reysdən əvvəl və ya iş bitəndən sonra yanacaqla doldurulmalıdır. Ancaq iş vaxtında yanacağın bitməsi ola bilər. Bunun üçün sürücüyə texniki fasilə verilməlidir. Sürücü isə ən yaxın olan yanacaqdoldurma məntəqəsindən faydalanmalıdır. Ancaq sürücülərlə sahibkarlar arasında əmək müqaviləsi yoxdur. Əgər işdə sürücü ilə sahibkar arasında əmək müqaviləsi bağlanarsa, sürücü üçün texniki fasilənin verilməsi həmin sənəddə göstəriləcək. Sürücü də həmin vaxtdan istifadə edəcək. Qeyri-hökumət təşkilatı olaraq, bununla bağlı dəfələrlə reyd aparmışıq. Hər dəfə də sürücülər bunun üçün vaxtlarını olmadığından gileyləniblər. Təbii ki, bu da sürücünün öz hüquq və vəzifələrini bilməməsindən irəli gələn amildir. Problemin müəyyən həll yolu həm də gediş haqlarının kart sisteminə keçməsi ola bilər".